Azərbaycanlı Beynəlxalq Gimnastika Federasiyaları Şurasına üzv seçildi

Sayta qoyulub: 13:36 29.10.2012 (125 dəfə oxunub)

 

Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Fərid Qayıbov yenidən Beynəlxalq Gimnastika Federasiyaları Şurasına (FIG) Avropadan üzv seçilib. Bu barədə AGF məlumat yayıb.
 Təkrar seçilmə FIG-in 79-cu konqresinin keçirildiyi Kankunda (Meksika) baş tutub. Azərbaycanın nümayəndəsi Beynəlxalq Gimnastika Federasiyasının rəhbər orqanlarından birinin tərkibinə ikinci dəfədir seçilir. Onun namizədliyinə 49 nümayəndə səs verib ki, bu, 2008-ci ildə keçirilən əvvəlki seçkidən 14 səs çoxdur.
 "Mən ümumi vəzifəmizi milli federasiyalara, eləcə də yeni müstəqil dövlətlərə və inkişaf edən ölkələrə bərabərhüquqlu münasibətdə görürəm. Güman edirəm ki, gələcəkdə qəbul edilmiş qərarlar dünya ictimaiyyətinin gözündə gimnastikanın Olimpiya idman növü kimi rolunun möhkəmlənməsinə, Beynəlxalq Federasiyanın idman nüfuzunun və mənəvi imicinin artmasına xidmət edəcək", - Qayıbov bildirib.
 FIG-in prezidenti yenidən italiyalı Bruno Qrandi seçilib, Fransadan olan Mişel Leqliz və Kanadanın nümayəndəsi Slava Korn yenə də vitse-prezident olaraq qalıblar. Üçüncü vitse-prezident Rusiyadan Vasili Titov seçilib.
 Üç texniki komitədə rəhbərlik dəyişilib. Bədii gimnastikada vəzifəsindən istefa etmiş Texniki komitənin rəhbəri polyak Mariya Şişkovskinin yerinə Rusiya Federasiyasından komitə üzvü Natalya Kuzmina seçilib.
 Kişilər arasında İdman gimnastikası üzrə Texniki Komitənin prezidenti postunu rumın Adrian Stoyka tərk edib. Onun yerini amerikalı Stiv Batçer tutub. ABŞ-ın digər nümayəndəsi Toni Keys dünya akrobatikasına hakimiyyəti Belçikadan olan Rozi Timansa tapşırıb.
 Qadın İdman gimnastikası üzrə Texniki Komitənin prezidenti Nelli Kim (Belarus), tamblinq üzrə TK-nın rəhbəri isə Horst Kunze (Almaniya) qalıb.
 Konqres çərçivəsində Azərbaycanın münayəndə heyəti, o cümlədən 2014-cü ildə Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatına dair bir sıra görüşlər keçirib və danışıqlar aparıb.

XƏBƏR LENTİ