"Baku Fires" Əlcəzairə yollandı

Sayta qoyulub: 15:23 28.11.2012 (205 dəfə oxunub)

WSB Liqasında ikinci görüşə çıxacaq “Baku Fires” bu gün Əlcəzairə yollanıb. İlk turda səfərdə Rusiya komandasına uduzan “Desert Hawks” ikinci qarşılaşmaya ciddi hazırlaşıb. 
Komandanın baş meneceri Azzedin Aqun WSB Liqasının rəsmi saytına “Baku Fires”i ciddi rəqib kimi xarakterizə edib: “Bu komandanın çox güclü boksçuları var. Ötən mövsüm cəmi 2 dəfə məğlub olmaları komandanın gücündən xəbər verir. Onlar birinci mövsümdən WSB Liqasında çıxış edirlər deyə, böyük təcrübələri var. Amma öz klubumuzdan da razıyam. Olimpiyaçılarımız nəyə qadir olduqlarını bir daha göstərməlidirlər”. 
“Desert Hawks”ın heyətində ən təcrübəli boksçulardan biri superağır çəkidə döyüşən Çouaib Bouloudinatsdlr. O, “Baku Fires”in debütantı Əshab Abdulxaliqovla üz-üzə gələcək. Üçüncü mövsümdür ki, liqada mübarizə aparacaq əlcəzairli boksçu ötən mövsüm 4 döyüşün 3-də qalib gəlib: “Çin və Qazaxıstan komandalarının heyətində çıxış etdikdən sonra artıq öz doğma ölkəmdəyəm. Əlcəzairdə “Desert Hawks” klubunun yaradılması ürəyimizcə oldu. Azərbaycanlı rəqibimi tanımıram. Amma “Baku Fires” klubunun bütün boksçuları yüksək ustalıq səviyyəsinə malikdirlər. Ona görə də döyüş gərgin keçəcək. Rəqib komandaya hörmət edirəm, amma doğma azarkeşlər qarşısında qələbə qazanmaq istəyirəm”. 
73 kq çəki dərəcəsində “Baku Fires”in heyətində debüt edəcək Avropa çempionatının bürünc mükafatçısı Jaba Xositaşvilinin rəqibi Abdelmalek Rahou olacaq. Gürcü boksçu döyüşdən öncə iddialı danışıb: “Bizim komandamız yaxşı formadadır. Komanda daxili ab-hava da əladır. Məşqçilər korpusunda təcrübəli mütəxəssislər çalışır. Sentyabrdan onların rəhbərliyi altında intensiv surətdə məşq edirik. Odur ki, Əlcəzairə ancaq qələbə üçün gedirik”. 
Xositaşvili rəqibindən üstün olduğunu da deyib: “Mən rəqibimi tanıyıram. Amma onun haqqında çox danışmaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, ondan güclüyəm”. 

Desert Havks – Baku Fires 

54 kq. Samir Brahimi (Əlcəzair) – Orzubek Şaimov (Özbəkistan) 
61 kq. Abdelkader Çhadi (Əlcəzair) – İsa İsayev (Azərbaycan) 
73 kq. Abdelmalek Rahou (Əlcızair) – Jaba Xositaşvili (Gürcüstan) 
85 kq. Nabil Kassel (Əlcəzair) – Vladimir Çeles (Moldova) 
+91 kq. Çouaib Bouloudinats (Əlcəzair) – Əshab Abdulxaliqov (Azərbaycan)
 

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

XƏBƏR LENTİ