95 qızıl, 72 gümüş və 120 bürünc

Sayta qoyulub: 17:34 24.12.2012 (93 dəfə oxunub)

Başa vurmuş olduğumuz 2012-ci il ərzində Azərbaycan güləşçiləri iştirak etdikləri beynəlxalq turnirlərdə, Avropa və Dünya çempionatlarında, Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil edib, hər bir mötəbər yarışda dövlət bayrağımızın yüksəkdə dalğalanmasına və himnimizin səslənməsinə nail olublar. Azerisport.az xəbər verir ki, bütün bu nailiyyətlər ölkə prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmana və idmançılara göstərdiyi diqqət və qayğının birbaşa nəticəsidir. Məhz ölkəmizdə uğurla həyata keçirilən idman siyasəti güləşçilərimizin nailiyyətlərinin ildən-ilə artması ilə müşahidə olunur. Azərbaycan Güləş Federasiyasının Prezidenti cənab Fazil Məmmədovun göstərişi ilə yaradılan şərait, maddi-texniki bazanın gücləndirilməsi, mütəmadi olaraq yüksək səviyyədə təlim-məşq toplanışlarının keçirilməsi beynəlxalq arenada güləşçilərimizin uğurlu çıxışına birbaşa təsir göstərir.

 

Ölkə prezidenti cənab İlham Əliyev tərəfindən 2012-ci ilin “İdman ili” elan edilməsi güləşçilərimizin də məsuliyyətini ikiqat artırıb və qazanılan nailiyyətlərin kəmiyyət və keyfiyyətinə də öz müsbət təsirini göstərib. Belə ki, il ərzində keçirilən rəsmi beynəlxalq yarışlarda (Avropa və Dünya çempionatları, Olimpiya Oyunları) yığma komandalarımızın üzvləri 71 medal qazanıblar ki, onların 23-ü qızıl, 21-i gümüş və 27-si bürünc əyarlıdır. Xatırladaq ki 2011-ci ildə komandalarımız iştirak etdikləri rəsmi beynəlxalq yarışlarda 22 qızıl, 12 gümüş, 33 bürünc – toplam 67 medal qazanmışdılar.

Polşanın Katovitse şəhərində keçirilən yeniyetmələrin Avropa çempionatında güləşçilərimiz 3 qızıl, 9 gümüş və 6 bürünc medal qazanıb. Avropa çempionatında qazanılan 2 qızıl, 4 gümüş və 2 bürünc sərbəstlərin, 1 qızıl, 3 gümüş və 2 bürünc yunan-Roma güləşçilərinin, 2 gümüş və 2 bürünc medal isə yeniyetmə qızların payına düşür.

Bakıda keçirilən yeniyetmələrin Dünya çempionatında güləşçilərimiz 9 qızıl, 5 gümüş və 5 bürünc medal qazanmaqla güləşimizin gələcəyinin etibarlı əllərdə olduğunu nümayiş etdirdilər. Sərbəst güləş yığmamız 2 qızıl, 3 gümüş və 3 bürünc, yeniyetmə qızlarımız 1 qızıl, 1 gümüş və 1 bürünc, yunan-Roma güləşi üzrə yığmamız isə, 6 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb. Yunan-Roma güləşçilərimiz komanda hesabında Dünya birincisi olub.

Xorvatiyanın Zaqreb şəhərində keçirilən gənclərin Avropa çempionatını yığma komandalarımız 4 qızıl, 3 gümüş və 7 bürünc medalla başa vurub. Sərbəst güləşçilərimiz 3 qızıl və 3 bürünc, gənc qızlarımız 1 qızıl, 1 gümüş və 1 bürünc, yunan-Roma güləşçilərimiz isə, 2 gümüş və 3 bürünc medalla Çempionatı başa vurub.

Taylandın Pattaya şəhərində gənclər arasında Dünya çempionatında komandalarımız 3 qızıl, 2 gümüş, 2 bürünc medal qazanıb. 2 gümüş və 1 bürünc sərbəstlərin, 3 qızıl və 1 bürünc isə yunan-Roma güləşçilərimizin payına düşüb. Yunan-Roma güləşçilərimiz komanda hesabında Dünya birincisi olub.

Serbiyanın paytaxtı Belqradda keçirilən böyüklər arasında Avropa çempionatında komandalarımız 2 qızıl və 4 bürünc medal əldə ediblər. Sərbəst güləşçilərimiz 1 qızıl və 1 bürünc, qadın güləşçilərimiz 2 bürünc, yunan-Roma güləşçilərimiz isə 1 qızıl və 1 bürünc medal qazanıblar.

İlin ən mötəbər yarışı olan Olimpiya Oyunlarına güləşçilərimiz ümumilikdə 13 lisenziya qazanmışdı. Güləşçilərimiz bu lisenziyalardan 7-sini medala çevirdilər və 4 illiyin Zirvə yarışını 2 qızıl, 2 gümüş və 3 bürünclə başa vurdular. London Yay Olimpiya Oyunlarında indiyə kimi qazanılan medalların sayı qədər medal qazanan güləşçilərimiz yeni bir tarix yazaraq medalların sayını 2 dəfə artırdı. 2 qızıl (Toğrul Əsgərov, Şərif Şərifov), 2 gümüş (Rövşən Bayramov, Mariya Stadnik) və 3 bürünc (Emin Əhmədov, Yuliya Ratkeviç, Xetaq Qazyumov) medal qazanan güləşçilərimiz Azərbaycan Olimpiya tarixində yeni səhifə açdılar. Qazanılan nailiyyət növbəti Olimpiya Oyunlarında bu tarixin yenidən yazılacağına ümidimizi daha da artırır.

Bundan başqa, güləşçilərimiz il ərzində 25-ə yaxın beynəlxalq turnirdə öz qüvvələrini sınayıb. Ənənəvi olaraq Bakıda keçirilən Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi bu il sayca 5-ci idi və həm də yubiley xarakteri daşıyırdı. Qazanılan 5 qızıl, 6 gümüş və 11 bürünc medaldan sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımızın hər birinin payına 9, qadın güləşçilərin payına isə 4 medal düşdü. Digər beynəlxalq turnirlərdə güləşçilərimiz 67 qızıl, 45 gümüş və 82 bürünc medal qazanıblar. Beləliklə, il ərzində iştirak etdikləri beynəlxalq turnirlərdə 216 medal - 72 qızıl, 51 gümüş, 93 bürünc qazanan yığmamızın üzvləri ötən ilki (197 medal) nəticəni xeyli qabaqlayıblar.

Bakıda böyüklər arasında keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışında komandamız ikinci yeri tutub və gümüş medal qazanıb. Rusiya Federasiyasının Saransk şəhərində yunan-Roma güləşi üzrə Dünya Kuboku yarışlarında isə yığmamız dördüncü yeri tutub. Moskvada keçirilən Avropa Millətlər Kubokunda həm qadın güləşçilərimiz, həm də yunan-Roma güləşçilərimiz ikinci olub.

XƏBƏR LENTİ