Rabitə və Azərreyldən qələbə

Sayta qoyulub: 18:45 04.04.2012 (303 dəfə oxunub)

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasının final mərhələsinə start verilib.  2 dövrədən ibarət olacaq həlledici mərhələnin ilk görüşündə son çempion “Rabitə” “Lokomotiv”lə qarşılaşıb. 

Oyunun aşkar favoriti olan Zoran Qayiçin yetirmələri asan qələbə qazanıblar. Müəyyən müddətdir istirahət edən dünya çempionları “dəmiryolçular”a mövsümün ilk 2 matçındakı kimi yenə çətinlik çəkmədən qalib gəliblər. Düzdür, ötən həftə “Çelenc Cup”ı qazanan “Lokomotiv”də ruh yüksəkliyi hökm sürürsə də, onlar təsnifat mərhələsini məğlubiyyətsiz başa vuran “Rabitə”ni büdrətməkdə aciz qalıblar.

Belə ki, oyunun ilk dəqiqələri kəşfiyyat xarakteri daşıyıb – 5:5. Lakin birinci texniki fasiləyə 3 top öndə yollanan Azərbaycan çempionu növbəti fasilədə top fərqini 9-a çatdırıb. Bundan sonra da hücumlarının kəsərini artıran “Rabitə” ilk seti 25:10 hesabı ilə aktivinə yazıb. 

İkinci hissə də “Lokomotiv” matçda dönüş yarada bilməyib. Onlar ilk setlə müqayisədə bir qədər özlərinə gəlsələr də, sonda rəqiblərinin 25 dəqiq zərbəsi qarşısında 18 xal qazana biliblər. 

Üçüncü set isə sonuncu olub. Bu dəfə Zoran Qayiçin yetirmələri ilk texniki fasiləyə 8:5, ardından 16:10 hesabı ilə irəlidə yollanıblar. Bu xal fərqini hissənin axırlarında daha da artıran “Rabitə” yekunda 25:16 hesabı ilə qalib gəlib. Bununla da onlar final mərhələsinə “quru hesablı” qələbə ilə start veriblər.

Günün digər görüşündə “Azərreyl” “Bakı”nı sınağa çəkib. Bu matçda da gözlənilən kimi, birincilər qələbə qazanıblar. “Bakı”dan fərqli, istirahətdən dönən və voleybolçuları yaxşı formada olan “dəmiryolçular” gözəl oyun nümayiş etdiriblər. “Çelenc Cup”ın finalında uduzan “Bakı” qisasını “Azərreyl”dən almaq arzusunda olsa da, bunu reallaşdıra bilməyib. 

Belə ki, ilk hissə gərgin mübarizə şəraitində keçib. Birinci texniki fasiləyə “Azərreyl” öndə yollansa da (8:5), “Bakı” oyunun gedişində bir neçə dəfə hesabı bərabərləşdirib. Lakin sonda kobud səhv Vüqar Əliyevin komandasının qalib gəlməsi ilə nəticələnib. 

Məğlubiyyətdən nəticə çıxaran “Bakı” ikinci setə inamlı başlayıb. Onlar hətta ilk texniki fasiləyə 3 top irəlidə çıxıblar. Lakin bundan sonra üstünlüyü əldən veriblər. “Azərreyl” isə hesabı bərabərləşdirərək (12:12), rəqibə heç bir şans verməyib - 25:16. 

Üçüncü hissə də “dəmiryolçular” üçün uğurlu alınıb. “Azərreyl” bu dəfə də hücumda inamlı və blokda keçilməz olub. Nəticədə rəqibini 25:19 hesabı ilə məğlub edən komanda final mərhələsində ilk “quru hesablı” qələbəsini rəsmiləşdirib. 

Beləliklə, Super Liqanın liderləri “Rabitə” və “Azərreyl” həlledici mərhələyə 3 xalla başlayıblar. 

4 aprel
Final mərhələsi, I tur


“AZƏRREYL” – “BAKI” - 3:0 (25:23, 25:16, 25:19)
İlk dövrə: “AZƏRREYL” – “BAKI” - 3:1 (15:25, 25:17, 25:23, 25:16)
İkinci dövrə: “BAKI” – “AZƏRREYL” - 1:3 (25:21, 22:25, 20:25, 14:25)

“RABİTƏ” – “LOKOMOTİV” - 3:0 (25:10, 25:18, 25:16)
İlk dövrə: “RABİTƏ” – “LOKOMOTİV” – 3:1 (29:31, 25:11, 25:20, 25:13)
İkinci dövrə: “LOKOMOTİV” – “RABİTƏ” – 0:3 (19:25, 20:25, 16:25)

Qeyd edək ki, ilk turda “İqtisadçı” istirahət edib. 

XƏBƏR LENTİ