Pərviz Bağırov Anapa turnirinə qələbə ilə başlayıb

Sayta qoyulub: 10:34 05.04.2012 (296 dəfə oxunub)

Rusiyanın Anapa şəhərində Nikolay Pavlyukovun xatirəsinə gənc boksçular arasında ənənəvi turnir keçirilir. İdman.com.az saytının məlumatına görə, bu dəfəki yarışda Rusiya, Kuba, Monqolustan, İrlandiya, Serbiya, Ukrayna, Belarus, Qazaxıstan, Özbəkistan, Moldova və digər ölkələrin 132 idmançısı mübarizə aparırlar. Anapaya geniş tərkibli heyətlə yollanan gənclərdən ibarət milli komandamız əksər çəki dərəcələrində 2 boksçu ilə təmsil olunur.

Yarışın ilk günündə rinqə çıxan həmyerlilərimizdən gənclər arasında Avropa çempionu Pərviz Bağırov (64 kq) qazaxıstanlı Alibek Adieti 10:3 hesabı ilə məğlub edib. Qeyd edək ki, boksçumuz ötən ay Bakıda keçirilmiş “Böyük İpək yolu” turnirində fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı. 69 kq çəki dərəcəsində yarışan Abdulla Abdullayev Qazaxıstanın digər nümayəndəsi Aytjan Şleyevi üstələyib – 9:5.

Natiq Kazımov da ilk döyüşünü qələbə ilə başa vurub. Ən yüngül çəki dərəcəsində yarışan idmançımız qazaxıstanlı Anuar Batıxanovu 10:7 hesabı ilə məğlub edib. Malik Muradov (52 kq) Rusiya boksçusu Aydar Netoleyevlə bacarmayıb – 6:14. İlkin mərhələdə mübarizəni dayandıran digər həmyerlilərimizin də qarşısını Rusiya yığmasının üzvü kəsib. Alim Abbasov (56 kq) Məhəmməd-Rəşid Cəbrayılova 3:9 hesabı ilə uduzub. 60 kq çəki dərəcəsində mübarizə aparan Şahmar Əliyev isə Özbəkistan təmsilçisi Elnur Abdurraimova yenilib. Nikolay Pavlyukovun xatirəsinə həsr olunmuş yarışa aprelin 7-də yekun vurulacaq.

XƏBƏR LENTİ