“Bizi çempionluq titulu uğrunda ciddi mübarizə gözləyir” -

Sayta qoyulub: 13:34 05.04.2012 (293 dəfə oxunub)

“Azərreyl”in voleybolçusu Sara Anzanello İtaliya mətbuatına müsahibə verib. “Dəmiryolçular”ın və İtaliya yığmasının aparıcı üzvü Çempionlar Liqasının “Dördlər finalı”na yüksələ bilməmələri və Super Liqanın final mərhələsi barədə də danışıb. 

- Bakıda keçirilən “Dördlər finalı”na qatılmaq şansınız yüksələ olsa da, buna nail ola bilmədiniz. Səbəb kimi nəyi göstərərdiniz?
- Doğrudur, “Dördlər finalı”nın bir addımlığında idik. Ona görə də yalnız özümüzü günahlandırmalıyıq. Biz həlledici addımı ata bilmədik. Kazan “Dinamo”su “Qızıl set”də daha yaxşı oynadı və qalib gəldi.

- İndi sizi Azərbaycan Super Liqasının final mərhələsində ciddi sınaq gözləyir. Buna nə dərəcədə hazırsız?
- Çempionlar Liqasında çıxışımızı başa vurduqdan sonra daxili yarışlarda həlledici oyunların hazırlığına start verdik. Bizi çempionluq titulu uğrunda ciddi mübarizə gözləyir. İndi bütün diqqətimi bütünlüklə final mərhələsinə yönəltmək istəyirəm.

- Amma komandanız üçün mövsümün təqvimini də çox sıx adlandırmaq olar...
- Həqiqətən də təqvim sıxdır. Dalbadal hər gün meydana çıxmalı oluruq. Buna görə də hazırlıq üçün vaxtımız çox azdır.

- Super Liqanın final mərhələsi hansı formatda keçirilir?
- Burada bütün oyunlar eyni məkanda – paytaxt Bakıda keçirilir. Əvvəl 7 klub mübarizə aparırdısa, artıq onlardan 2-si yarışda çıxışlarını başa vurublar. Mükafatlar uğrunda oyunlarını davam etdirən 5 komanda isə medalçıları və kimin Avropada hansı turnirə vəsiqə qazanacağını müəyyənləşdirəcək.

XƏBƏR LENTİ