Lisenziya turnirində boksçularımızın rəqibləri bilindi

Sayta qoyulub: 08:49 09.04.2012 (308 dəfə oxunub)

 

Lisenziya turnirində boksçularımızın rəqibləri bilindi

Trabzonda  keçiriləcək boks üzrə Avropa Olimpiya təsnifat turnirində iştirak edəcək Türkiyə milli komandasının heyəti məlum olub. Qardaş ölkənin komandası hələ ki  lisenziya qazanmadığından yarışda tam heyətlə çıxış edəcək. Salman Əlizadənin yer aldığı 49 kq çəki dərəcəsində Türkiyəni 2008-ci ildə Avropa çempionatının gümüş mükafatçısı olmuş Fərhad Pəhləvan təmsil edəcək. Qeyd edək ki, Pəhləvan ötən il Bakıda keçirilmiş “Böyük İpək Yolu” turnirinin qalibi olub.  56 kq çəki dərəcəsində Türkiyə yığmasının heyətində Mehmet Topçakan döyüşəcək. Ötən mövsüm WSB liqasında  çıxış etmiş boksçu 3 görüşdə rinqə çıxmış və hamısını qələbə ilə başa vurmuşdu. Elvin İsayevin mümkün rəqibləri sırasında yenə də Fatih Keleş olacaq. Həmyerlimiz ötən il Ankaradakı Avropa çempionatında bu idmançı ilə qarşılaşmış və hakimlərin qeyri-obyektivliyi səbəbindən 1 xal fərqlə rəqibinə uduzmuşdu. Fatih Keleş isə sonda qitə çempionatını 1-ci sırada bitirmişdi. Tamerlan Abdullayevin (69 kq) mübarizə apardığı çəki dərəcəsində Abdulkadir Koroğlu gücünü sınayacaq. 2008-ci ildə Avropa çempionatında bürünc medal qazanan trabzonlu boksçu o vaxtdan elə bir ciddi uğura nail olmayıb. Vətən Hüseynlinin (81 kq) mümkün rəqibləri sırasında isə Türkiyə millisinin lideri Bəhram Müzəffər var. 2011-ci ilin qitə çempionatının bürünc mükafatçısı bu mövsüm WSB liqasında keçirdiyi 4 görüşün 3-də qələbə qazanıb.

Rusiya yığması da Trabzonda mübarizə aparacağı heyəti açıqlayıb. Rusların 6 lisenziyası olduğundan onlar bu yarışda 4 idmançı ilə təmsil olunacaqlar. Həmyerlilərimizdən  yalnız Elvin İsayev (60 kq) rusiyalı boksçu ilə döyüşə bilər. Avropa və dünya çempionu olan Albert Səlimov yarışın favoritlərindən sayılır. O, bu il Bakıda “Böyük İpək Yolu” turnirində də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qeyd edək ki, Avropa Olimpiya təsnifat turniri aprelin 14-dən 21-ə kimi Hayri Gür İdman kompleksində keçiriləcək.

 

XƏBƏR LENTİ