Oktyabrın 17-də voleybol üzrə Azərbaycan çempionatı start götürəcək

Sayta qoyulub: 13:13 30.09.2013 (224 dəfə oxunub)

Qadın voleybolçular arasında Azərbaycan Super Liqası oktyabrın 17-də start götürəcək. Bu barədə Voleybol Federasiyasının yerli yarışlar üzrə koordinatoru Oqtay Musayev məlumat verib.
Onun sözlərinə görə, təqvim hələ tam təsdiqlənməsə də, ilk turun oyunları bilinir: “Lakin bundan sonra çempionatda fasilə yaranması gözlənir. Bu, öncə klublarımızın avrokuboklarda iştirakı ilə bağlıdır. Ardınca isə FİVB-in təqviminə görədir. Düzdür, hələ bizə yığmalara voleybolçu göndərməklə bağlı hansısa müraciət gəlməyib. Amma bunun yaxın günlərdə olacağı da istisna deyil”. 
Belə ki, avrokuboklarda iştirak edən 5 Bakı klubu oktyabrın son 2 həftəsində öz oyunlarına çıxacaq. Ardınca isə “Grand Champions Cup” start götürəcək ki, bu da noyabrın 12-17-nə təsadüf edəcək. 
Musayev bildirib ki, məhz bu səbəbdən də 3 turun təxirə salınması gözlənilir: “Biz II turu noyabrın 5-nə nəzərdə tutmuşuq. Ardınca 8-i, 12-si və 15-də də oyunlar olmalı idi. Lakin yığmaların oyunları ilə bağlı 3 turun gününün dəyişməsi qaçılmaz olacaq. Bu səbəbdən də fasilənin dekabrın əvvəlində başa çatacağı gözlənilir”.
Koordinator belə olan halda turun 1 gündən bir keçiriləcəyini də istisna etmir. 
Yeni mövsümün reqlamentinə gəlincə, komandalar dairəvi sistemlə 4 dövrə yarışacaqlar. Ardınca ilk “4-lük”də qərarlaşacaq klublar yarımfinala yüksələcəklər. Burada 1-ci yer 4-cü, 2-ci yer 3-cü pillə ilə qarşılaşacaq. 2 qələbə qazanacaq kollektiv finalda oynamaq hüququna yiyələnəcək. Həlledici mərhələnin və 3-cü yerin sahibi isə 3 dəfə rəqibini məğlub etməlidir. 
Maraqlıdır ki, gündəmə digər versiya da gələ bilər. Musayevin sözlərinə görə, bunun üçün Gənclər və İdman Nazirliyindən cavab gözləyirlər: “Digər qaydalar ondan ibarətdir ki, ilk “dördlük” müəyyənləşdikdən sonra onlar arasında 2 dövrə keçirilsin və yarımfinalçılar da əvvəlki oyunlarda xalları saxlanılmaqlar məhz bu matçların nəticəsinə uyğun dəqiqləşsin. Həmin görüşlərin isə rayonlarda keçirilməsi gündəmdədir”. 

I tur
15:00. “Rabitə” – “Telekom” 
17:00. “Azəryol” – “Azərreyl” 
19:00. “İqtisadçı” – “Lokomotiv”

Qeyd edək ki, ötən il yarışda 7 klub mübarizə aparıb və mövsüm bitdikdən sonra “Lokomotiv Biləcəri” dağılıb.
 

XƏBƏR LENTİ