Voleybol millimizin Avropa çempionatındakı rəqibləri müəyyənləşdi

Sayta qoyulub: 18:27 26.10.2013 (155 dəfə oxunub)

Voleybolçular arasında 2015-ci ildə keçiriləcək Avropa çempionatının püşkü atılıb. Qadınların yarışında mübarizə aparacaq Azərbaycan millisi turnirə II təsnifat mərhələsindən qatılacaq. 
Püşkün nəticəsinə əsasən Faiq Qarayevin rəhbərlik etdiyi komandamız D qrupunda yer alıb. Millimizin rəqibləri Bolqarıstan, Yunanıstan və Portuqaliya yığmaları olacaqlar. 
Reqlamentə əsasən, seçmə mərhələlərdə 32 komanda 9 vəsiqənin taleyinə aydınlıq gətirəcək. Belə ki, ilk təsnifat mərhələsindən sonra 4 milli mübarizəni dayandıracaq. Ardınca II təsnifat mərhələsində qrup qalibləri birbaşa Hollandiya və Belçikanın ev sahibliyi edəcək final mərhələsinə yüksələcək. Qrupda ikinci olacaq millilər isə pley-offda münasibətlərinə aydınlıq gətirəcəklər.
Qrup mərhələsi həmişəki kimi 2 mərhələdən ibarət olacaq və 2014-cü ildə mayın 22-də start götürəcək. Həmin ayın 25-də bitəcək oyunlar 4 gün sonra yenidən olacaq. İyunun 1-də isə komandaların qrupdakı taleyinə aydınlıq gələcək. 

A qrupu: Türkiyə, Belarus, Finlandiya, Danimarka
B qrupu: Polşa, Ukrayna, İsveçrə, I təsnifat mərhələsində I qrupun ikincisi (İsveç, Gürcüstan, Latviya, Norveç)
C qrupu: Çexiya, İspaniya, Sloveniya, I təsnifat mərhələsində II qrupun ikincisi (Çernoqoriya, Bosniya və Hersoqovina, Estoniya, Litva)
D qrupu: Bolqarıstan, Azərbaycan, Yunanıstan, Portuqaliya
E qrupu: Fransa, İsrail, Macarıstan, I təsnifat mərhələsində I qrupun birincisi
F qrupu: Rumıniya, Slovakiya, Avstriya, I təsnifat mərhələsində II qrupun birincisi

Qeyd edək ki, meydan sahibləri Belçika və Hollandiya, son Avropa çempionatının ilk “beşliyi”ndə yer alan Rusiya, Almaniya, Serbiya, Xorvatiya, həmçinin İtaliya (apennilər 6-cı olsalar da, Belçika çempionata ev sahibi kimi qatıldığından bu hüquqa yiyələnib – red.) artıq 16 komandanın mübarizə aparacağı yarışa vəsiqə qazanıb.
 

XƏBƏR LENTİ