UEFA-nın saytında Azərbaycanda qadın futbolu ilə bağlı yazı dərc olunub

Sayta qoyulub: 18:43 19.12.2013 (40 dəfə oxunub)

UEFA-nın saytında Azərbaycanda qadın futbolunun inkişafı ilə bağlı yazı yerləşdirilib. 

 Beynəlxalq Olimpiya Komitəsinin xüsusi diplomu qadın futbolunun inkişafındakı böyük işlərin müqabilinə Azərbaycan üçün layiqli mükafat oldu.

 Beynəlxalq Olimpiya Komitəsinin dəyərli mükafatı Azərbaycanda qadın futbolunun inkişafda olmasının sübutudur. Beynəlxalq Olimpiya Komitəsi (BOK) ölkəmizdə qadın idmanının inkişafı sahəsində görülən işləri, qızların məşqlərə cəlb olunmasını yüksək qiymətləndirərək AFFA-nı “Qadınlar və İdman” diplomu ilə təltif edib.

 

"Bu mükafat bizim üçün çox vacibdir. Onu heç de bütün federasiyalara vermirlər, deməli, biz düzgün yoldayıq və beynəlxalq idman qurumları fəaliyyətimizi yüksək qiymətləndirir". Bu fikirləri AFFA-nın qadın futbolu üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov uefa.com-a açıqlamasında səsləndirib.  - "Sözün doğrusu, bu diplomu alacağımızı gözləmirdik. İndi başladığımız işi ikiqat səylə davam etdirməli və göstərilmiş etimadı doğrultmalıyıq".

 

Azərbaycanda qadın futbolunun ən vacib hadisələrindən biri 2010-cu il martın 19-da baş verdi. Məhz həmin gün 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatı -2012-nin ev sahibliyi hüququ Azərbaycana verildi. "Azərbaycanda buna qədər də qadınlar yığması vardı, həmin komandada milliləşdirilmiş legionerlər çıxış edirdi", - deyir Hacı-Məhərrəmov. "Qərar qəbul edildiyi an mundialda çıxış etməsi üçün öz komandamızın yaradılması istiqamətində işlər start götürdü. Yaradılacaq komandanın baş məşqçisi almaniyalı Silviya Rayt təyin olundu və bütün ölkə ərazisində seleksiya işləri həyata keçirilməyə başlandı. Təsəvvür edin ki, o dövrdə Azərbaycanda cəmi 20 nəfər qadın futbolçu qeydiyyatdan keçmişdi. İndi onların sayı 4000 nəfəri keçib", - deyə, o, fikrini davam etdirir.

 

Dünya çempionatına hazırlıq məqsədilə Azərbaycan yığması UEFA-nın qonağı olub və Nyonda təşkil olunmuş 1 həftəlik təlim-məşq toplanışı çərçivəsində iki yoldaşlıq oyunu keçirib. O dövrdə əldə olunmuş təcrübə dünya çempionatı ərzində komandaya planetin ən güclü yığmalarının əhatəsində özünü yaxşı tərəfdən göstərməyə zəmin yaratdı.

 

Azərbaycanda hələ ki yüksək səviyyədə qadınlararası çempionat keçirilmir, lakin 13, 16 və 19 yaşadək qızlardan ibarət komandalar arasında liqalar təşkil olunub ki, burada 50 kollektiv qalib adı uğrunda mübarizə aparır. Həmçinin 15, 17 və 19 yaşadək qızlardan ibarət yığma komandalar fəaliyyət göstərir. U-15 qızlar yığması 2014-cü ildə təşkil olunacaq Yeniyetmələr arasında Olimpiya oyunlarının seçmə mərhələsində çıxış etmək məqsədilə yaradılıb. Turinirin ilkin seçmə mərhələsi oktyabrda İsveçrənin Nyon şəhərində keçirilib və Azərbaycan yığması finala qədər irəliləsə də, həlledici qarşılaşmada Slovakiya komandasına məğlub olub.

 

Hazırda AFFA qızlar yığmalarının səviyyəsinin yüksəldilməsi üzərində çalışır. "YAxın gələcəkdə 21 yaşadək qızlardan ibarət yığmanın formalaşdırılmasını düşünürük, çünki heç də pis təsir bağışlamayan U-19 qızlar yığmasının heyətində çıxış edən futbolçuları itirmək istəmirik. U-21 yığması həmçinin qadınlardan ibarət Azərbaycan yığmasının yaradılması üçün əsas baza olacaq". Bu fikirlər də, eyni zamanda, AFFA-nın Texniki direktorunun müavini olan Zaur Hacı-Məhərrəmova məxsusdur.

 

19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının kapitanı Əminə Heydərova da təəssüratlarını bizimlə bölüşüb: "Futbolla uşaqlıqdan məşğulam. Əlbəttə, o zaman qeyri-peşəkar şəkildə futbol oynayırdım. Oğlanlara birgə top qovurduq və bu, bizim üçün daha çox bir hobbi idi, nəinki qələbə uğrunda mübarizə".

 

"İlk dövrlərdə anam bu məğuliyyətimin əleyhinə idi, ancaq zaman keçdikcə futbola meyil salmağımı anlayışla qarşıladı və mənim özümü idmanda tapmağımda bir qəbahət olmadığını qəbul etdi. Atam isə, əksinə, futbolçu olmaq istəyimə qarşı heç vaxt çıxmayıb. Bir çox oyunlara məni atam aparırdı. Sonra vəziyyət dəyişdi və AFFA bizim üçün gözəl şərait yaratdı. İndi valideynlərimiz bizdən ötrü qətiyyən narahatlıq keçirmirlər", - deyə, Əminə sözünə davam edib.

 

"Fidan" klubunun üzvü olan Ə.Heydərova həm də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birinci kursunda təhsil alır: "Məşqlərlə dərslərimin bir-birinə mane olmamasına çalışıram. Hər ikisini çatdırmaq üçün qiyabi təhsil almaq qərarına gəldim. Əvvəllər hakim olmaq istəyirdim. Hakimlikdən birdəfəlik imtina etdiyimi demək olmaz, lakin hazırda bütün fikrimi futbolçu karyerama yönəltmişəm. Ancaq gələcəkdə nə olacağını heç kim bilmir. İdman sahəsində tanınmış mütəxəssis olmaq istərdim. Futbolun təkcə kişilər üçün yaradılmış oyun olması barədə stereotipi dağıtmaq lazımdır. Qadınlar da bu idman növü ilə maraqlana və məşğul ola bilərlər - özü də təkcə həvəskar şəkildə yox.

Yığmamızdakı ab-havaya gəlincə, dostluq münasibətimiz var. Bir-birimizə bacı kimi münasibət göstəririk, sanki eyni ailədə böyümüşük. Qızlar istənilən məsələ ilə bağlı bir-birini dəstəkləyir. Bu isə özünəinam və gələcəkdə böyük uğurların qazanılması baxımından son dərəcə vacibdir".

AFFA-nın baş katibi Elxan Məmmədov əminliklə bildirir ki, futbolçu qızlar hər zaman assosiasiyanın dəstəyini hiss edəcək: "AFFA qadın futbolunun inkişafı istiqamətində fəaliyyətini davam etdirəcək. Biz futbol oynamaq üçün oğlanlara yaratdığımız yüksək səviyyəli şəraiti qızlar üçün də təşkil etmək məsuliyyətini hər zaman hiss edirik".

XƏBƏR LENTİ