"Baku Fires"-Rusiya görüşündən öncə mətbuat konfransı keçirilib

Sayta qoyulub: 17:29 21.02.2014 (145 dəfə oxunub)

Bu gün Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 9-cu turunun “Baku Fires” (Azərbaycan) və Rusiya komandaları arasında keçiriləcək görüşə həsr olunmuş çəki mərasimi və mətbuat konfransı keçirilib. Çəki mərasimindən sonra hər iki klubun nümayəndələri və idmançılar jurnalistlərin suallarını cavablandırıblar.

Qonaq komandanın baş meneceri Stepan Lendyel Azərbaycan idmanının son illərdə inkişaf yolu keçdiyini deyərək, boksa xüsusi diqqət göstərildiyini bildirib. O, “Baku Fires” klubunda olan bir çox boksçuları hələ Rusiyada çıxış etdikləri dövrdən tanıdıqlarını qeyd edib. Lendyel Azərbaycan komandası ilə görüşün gərgin keçəcəyini vurğulayıb.

Komandamızın baş məşqçisi Nuripaşa Talibov Rusiyanın boks ölkəsi olduğunu qeyd edib: “Rusiyada həmişə güclü boksçular olub. Səfərdə bu komandaya 0:5 hesabı ilə uduzmuşduq. Bu dəfə qələbə qazanmağa çalışacağıq. Hesabın necə olacağını deyə bilmərəm. Amma hamını qalibiyyətlə sevindirmək üçün əlimizdən gələni edəcəyik”.

“Baku Fires”in çalışdırıcısı növbəti tur Kubada keçiriləcək görüşdə Teymur Məmmədovu heyətə daxil edə biləcəklərini deyib: “Teymur Polşa idmançısı ilə döyüşdə yaxşı təsir bağışladı. Dünya çempionatından sonra uzun müddət rinqə çıxmasa da, 5 raund pis döyüşmədi. Hələ dəqiq deyə bilmərəm, amma Teymur da Kubaya gedə bilər. Məhəmmədrəsul Məcidov isə növbəti turda da rinqə çıxmayacaq. Hələ döyüşməyə hazır deyil. Dünya çempionatından sonra Məcidov heç bir yarışda iştirak etməyib. Ümid edirəm ki, pley-off mərhələsində bizə kömək edəcək”.

Rusiya komandasının məşqçisi Ruslan Azarov bəzi çəki dərəcələrində nəyə görə “birinci nömrələrin” Qubaya gəlməməsinə aydınlıq gətirib: “Hazırda komandamız demək olar ki, eyni anda 3 görüşə hazırlaşır. Bu heyət sabah “Baku Fires”lə döyüşəcək. Digər boksçularımız Moskvada təlim-məşq toplanışındadırlar. Bir heyət çərşənbə axşamı Meksikaya yollanacaq. Digər boksçular isə martın 12-də keçiriləcək “Cuba Domaderos”la vacib qarşılaşmaya hazırlaşacaqlar. Bildiyiniz kimi bu döyüş Soçi Olimpiadasına görə təxirə salınmışdı”. “Baku Fires” – Rusiya görüşündə ən maraqlı döyüşlərdən biri Abdulqadir Abdullayevlə Aleksey Yeqorov arasında olacaq. Bununla bağlı hər iki boksçu fikrini bildirib. 2013-cü ilin Avropa çempionu Yeqorov döyüşə adi qaydada hazırlaşdığını və rəqibi tanıdığını bildirib. Son vaxtlar yaxşı formada olan Abdullayev də baş məşqçi Nuripaşa Talibovla birgə Yeqorovun döyüşlərini analiz etdiklərini söyləyib: “Əlbəttə, doğma azarkeşlər qarşısında qalib gəlmək istərdim”.

 Qeyd edək ki, “Baku Fires” – Rusiya fevralın 22-də saat 19:00-da Quba Olimpiya Kompleksində keçiriləcək. “Baku Fires”in heyətində Xamza Nametov (49 kq) Bator Saqaluyevi, Məhəmməd Qurbanov (56 kq) Nikita Fedorçenkonu, Heybətulla Hacəliyev (64 kq) Maksim Dadaşovu, Nikolay Veselov (75 kq) Pyotr Xamukovu və Abdulqadir Abdullayev (91 kq) Aleksey Yeqorovu sınağa çəkəcək. 

XƏBƏR LENTİ