"Baku Fires" italyanlarla qarşılaşacaq

Sayta qoyulub: 14:54 13.03.2014 (150 dəfə oxunub)

Ümumdünya Boks Seriyasında (WSB) mübarizə aparan “Baku Fires” klubunun 1/4 finaldakı rəqibi məlum olub. “B” qrupunda 4-cü yeri tutan komandamız “A” qrupunu lider kimi başa vurmuş İtaliyanın “Dolce Gabbana İtalia Thunder” klubu ilə qarşılaşacaq. İtaliya təmsilçisi 26 xal toplayaraq, Ukrayna komandasını 1 xal qabaqlayıb. “İtalia Thunder” 2011/2012-ci illər mövsümündə WSB liqasının qalibi olub. Komanda ötən çempionatda yarımfinala kimi irəliləsə də, “Ukraine Otamans”la mübarizədən məğlub ayrılıb. “Baku Fires” və “İtalia Thunder” 2011/2012-ci illər mövsümündə yarımfinalda üz-üzə gəliblər. Səfərdə 0:5 hesabı ilə uduzan komandamız Bakıda 3:2 hesabı ilə qələbə qazansa da, bu heç nəyi dəyişməyib.

İtaliya komandasının 52 kq çəki dərəcəsində liderləri Vinçenzo Pikardi və Endryu Selbidir. Uelsli Selbi 2 qat Avropa çempionu olmaqla yanaşı, 2 dəfə də dünya çempionatlarında gümüş və bürünc medal qazanıb. Pikardi Pekin Olimpiadasının bürünc mükafatçısı olub.

60 kq çəki dərəcəsində son dünya çempionatının gümüş mükafatçısı braziliyalı Robson Konseysao və dünya və Avropa çempionu Domeniko Valentinonu qeyd etmək olar.

69 kq çəki dərəcəsinin lideri London Olimpiadasının bürünc mükafatçısı Vinçenzo Manqapredir.

75 kq çəki dərəcəsində “birinci nömrə” Bakıda keçirilən dünya çempionatının bürünc və son Avropa çempionatının gümüş mükafatçısı rumıniyalı Boqdan Juratonidir. Bu çəkidə fransalı Mişel Tavares də kifayət qədər tanınmış boksçudur.

81 kq çəki dərəcəsinin liderləri əlcəzairli Abdelhafid Bençabla və hollandiyalı Avropa çempionatının mükafatçısı Peter Mullenberqdir.

91 kq çəki dərəcəsində Teymur Məmmədovun yaxşı tanıdığı Klemente Russo diqqəti cəlb edir. Olimpiya oyunlarının mükafatçısı, dünya çempionu olan italiyalı boksçu “İtalia Thunder”in lideridir. O, iki dəfə Məmmədovla qarşılaşıb və hər iki döyüşdə qələbə qazanıb.

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk görüşü martın 29-da Azərbaycanda, səfər qarşılaşması isə aprelin 4-də İtaliyada olacaq. Digər görüşlərə gəlincə, “Astana Arlans” Almaniya ilə, “Ukraine Otamans” Rusiyayla, USA Knockouts isə “Cuba Domaderos”la üz-üzə gələcək. “Baku Fires”lə “İtalia Thunder” arasında olacaq ilk döyüşdə çəkisi 49, 56, 64, 75 və 91 kq olan boksçular rinqə çıxacaq. Cavab görüşündə isə digər çəkilər.

XƏBƏR LENTİ