Firdovsi Umudov: “İdmançının məsuliyyəti, təlim tərbiyəsi mənim üçün hər şeydən önəmlidir.”

Sayta qoyulub: 09:08 07.05.2012 (284 dəfə oxunub)

 

Firdovsi Umudov: “İdmançının məsuliyyəti, təlim tərbiyəsi mənim üçün hər şeydən önəmlidir.”

(Səmayə Məmmədova)-S.M: Firdovsi müəllim, artıqsərbəst güləş üzrə lisenziya xarakterli yarışlar bitti. Ümumilikdə sərbəst güləşçilərimizin qazandıqları lisenziyalara nəzər salsaq, sərbəst güləş üzrə yığma komandanın böyük məşqçisi kimi vəziyyəti necə qiymətləndirə bilərsiniz?

(Firdovsi Umudov)-F.U: Sərbəst güləşçilərimiz London Yay Olimpiya oyunlarına 6 lisenziya qazanıblar. Ümumilikdə pis göstərici deyil. 60 kq-da Toğrul Əsgərov, 66 kq-da Cəbrayıl Həsənov, 74 kq-da Əşrəf Əliyev, 84 kq-da Şərif Şərifov, 96 kq-da Xetaq Qazyumov və 120 kq-da Cəmaləddin Məmmədov Azərbaycanı Londonda təmsil edəcəklər. Onların hər biri Avropada, dünyada kifayət qədər yaxşı tanınan idmançılardır. Nəticə etibarı ilə sözün əsl mənasında çox düz, yəni bizim inandığımız, qələbəsinə ümid bəslədiyimiz idmançılar lisenziya qazanıblar.

S.M: Firdovsi müəllim, dünən Mahmudla bağlı yaşananlar heç də xoşa gələn hadisə olmadı. Azərbaycan güləş federasiyası dünya güləş federasiyasına etirazını bildirdimi?

F.U: Azərbaycan daim istər Avropa, istərsə də Dünya çempionatlarından vətənə 55 kq çəki dərəcəsində hər zaman medalla dönüb. Dünən Mahmuda qarşı edilən haqsızlıq, bizə çox pis təsir etdi. Yığma komandanın baş katibi Əjdər Cəfərov  öz etirazını bildirsə də, amma qalibiyyət monqolustanlı idmançıya verildi. Bilirsiz, burada müəyyən məqamlar var. Dünyada güləşin inkişaf etdiyi, amma hələ də lisezniyası olmayan ölkələr var. Odur ki, belə yarışlarda bəzi hallarda hakimlər belə məqamlara fikir verərək, lisenziyası olmayan ölkələrə bu cür təkan verirlər. Özünüz də gördüyünüz kimi, əgər 3 hakim 3 xal verirsə, onu silmək çətin məsələdir. Amma, xallar silindi.

S.M: Bu məqamlar Sizcə idmançının mənəvi zərbə almasına səbəb olmur?

F.U: Səmayə, belə hallar çox olur. İdmançı bu məqamları görüb qətiyyən ruhdan düşməməlidir. Əksinə. Mahmudun gələcəyi hələ qabaqdadır. O, çox güclü idmançıdır. Gəncdir. Özünü necə hiss etməsindən asılı olaraq, Bakıda keçiriləcək Dünya Kubokuna qatılması məqamı var. Mən onun parlaq karyerasına inanıram.

S.M: London Yay Olimpiya oyunlarına bundan sonrakı hazırlıq necə olacaq?

F.U: Çox az vaxt qalıb. Təbii ki, təlim məşq topmantıları,  davam edəcək. Eyni zamanda qarşıda bizi 2 böyük turnir gözləyir.

S.M: Firdovsi müəllim, Sizdə idmançıya qarşı tam fərqli- məşqçinin idmançıya yox, atanın oğula münasibəti var. Bu nədən irəli gəlir- məsuliyyətdən, xasiyyətdən ya idmançıya olan münasibətdən?

F.U: Mən heç vaxt heç bir idmançıya fərq qoymuram. Həqiqətən, bu gün ölkə başçısı, cənab İlham Əliyev, güləş federasiyasının rəhbərliyi, Gənclər və İdman nazirliyi güləşçilər üçün hər bir şəraiti yaradır. Güləşçiyə sadəcə vaxtında məşqlərinə gəlib, məşqçinin tapşırıqlarına əməl etmək qalır. Bax bu cür idmançıya ürəyimi də verərəm. Çoxları bilir ki, mənim əmim oğlu yeniyetmələr arasında ikiqat Azərbaycan birinciliyinin qalibi idi. Amma mənim üçün onun mənə qohum olması yox, məşqlərə olan münasibəri daha önəmli idi.  Məşqlərə vaxtında gəlməməsi, tapşırıqlara əməl etməməsi nəticəsində onu komandadan qovdum. Bu da digər idmançılara dərs oldu. Bilirsiz, idmançıda məsuliyyət, vətənə, bayrağa , millətə sevgi olmalıdır. Ancaq o zaman qələbədən söz gedə bilər. Bir də, məşqçi idmançısının psixoloji durumuna yaxşı bələd olmalıdr. Yarışa çıxan idmançıya  onsuz da yeni heç nə öyrətməyəcəksən. Amma sən ona stimul verib, onu psixoloji ruhlandırmağı bacarmalısan.

S.M: Firdovsi müəllim, son zamanlar rus mətbuatında Azərbaycan güləşi haqda xoşagəlməz yazılar dərc olunur. Siz böyük məşqçi kimi bütün bu deyilənlərə necə münasibət bəsləyirsiniz?

F.U: Düzü, mənim üçün gülməlidir. Çünki, onların haqqında danışdıqları  idmançılar artıq 6-7 ildir ki, Azərbaycan vətəndaşlarıdır. Azərbaycanda yaşayıb, Azrbaycan bayrağı altında çıxış edirlər. Bilirsiz, Azərbaycan idmanının inkişafı göz önündədir. Bu da təbii ki, bəzi ölkələri qıcıqlandırmaya bilməz. Nəticədə, deyilənlər, yazılanlar  hakimlərə, BGF da öz təsirini müəyyən mənada göstərir. Deyirlər ki, biz hakimləri satın alırıq. Amma, dünən Mahmudun qrupuna ən güclü idmançılar düşmüşdü. Şərif Şərifov Dünya çempionatında yarışarkən onun püşkatması həqiqətən təəccüb doğurmaya bilməzdi. Hamısı çox təcrübəli və güclü idmançılar idi. Amma Şərif bacarığını nümayiş etdi. Biz belə şeylərə fikir verməməliyik. Qabaqda London Yay Olimpiya oyunları gəlir . (gülür)

Səmayə Məmmədova            Finlandiya. Helsinki

XƏBƏR LENTİ