Azərbaycanlı gimnastlar beynəlxalq turnirlərdə 7 medal qazanıblar

Sayta qoyulub: 11:22 07.05.2012 (165 dəfə oxunub)

Azərbaycanlı gimnastlar Kiyevdə beynəlxalq turnirdə uğurla iştirak ediblər. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Gimnastika Federasiyasının məlumatında deyilir.

Ölkənin gənc idmançıları 7 medal qazanıblar ki, onların 4-ü gümüşdür. 15 yaşlı Bahar Əsgərova çoxnövçülük üzrə ikinci yeri tutub, üstəlik, iki finalda yarışıb. Burada gürzlərlə hərəkətlər üzrə 4-cü yeri tutub.

2001-ci il təvəllüdlü Zöhrə Ağamirova çoxnövçülük üzrə ikinci olub və topla hərəkətlərə görə bürünc mükafat qazanıb.

Çoxnövçülükdə üçüncü gümüş 8 yaşlı Arzu Cəlilovaya qismət olub, onun həmyaşıdı Zərnigar Əliyeva proqramın elə bu növü üzrə bürünc mükafata sahib olub və iplə hərəkətlərə görə ikinci yeri, Zərifə Bəşirova isə topla hərəkətlərə görə üçüncü yeri tutub.

Gimnastların məşqçisi Nurcahan Əsgərovanın sözlərinə görə, idmanın bu zərif növünün həqiqi qiymətləndiriciləri yarış zalını, demək olar, bütün həftəsonu ərzində tam doldurmuşdular. "Onu da sizə deməliyəm ki, səhnəyə hər çıxış, gimnastların, xüsusilə bizim idmançıların tapşırıqları hər dəfə uğurla yerinə yetirilmələri sürəkli alqışlarla qarşılanırdı", - o bildirib.

Azərbaycanlı gimnastların kompozisiyalarına görə alqış sədaları Avropanın başqa bir paytaxtında - Dünya Kubokunun keçirildiyi Sofiyada da eşidilib. Ölkənin qrup komandası topla hərəkətlər üzrə finalda bir gün əvvəl çoxnövçülükdə olduğu kimi, ən güclülərin səkkizliyinə düşüb.

Milli komandanın baş məşqçisi Mariana Vasilyevanın sözlərinə görə, "o, qrupun finaldakı çıxışından razı qalıb". "Kollektivin 3 ay əvvəl yenidən formalaşmasına baxmayaraq, qızlar gözəl və emosional çıxış etdilər. Fərdi çıxış edən Lalə Yusifovaya gəldikdə, o, onluqda ikinci yeri tutaraq ötən mərhələdə olduğunan yuxarı qiymət alıb", - məşqçi qeyd edib.

Bu həftənin sonunda Yusifova, eləcə də milli komandanın lideri Aliyə Qarayeva Fransada Dünya Kubokunun növbəti mərhələsində, Aişə Mustafayeva və Səbinə Qaratova isə Gürcüstanda beynəlxalq turnirdə iştirak edəcəklər.

XƏBƏR LENTİ