"Lokomotiv" italiyalı voleybolçunu transfer etdi

Sayta qoyulub: 09:39 16.05.2014 (250 dəfə oxunub)

Yeni mövsüm üçün heyətini gücləndirməkdə davam edən “Lokomotiv” daha bir transferini rəsmiləşdirib. “Dəmiryolçular” bu dəfə İtaliya millisinin sabiq hücumçusu Valeriya Russo ilə müqavilə bağlayıblar.

 33 yaşlı oyunçu karyerası ərzində ilk dəfə legioner həyatı yaşayacaq. O, 1997-ci ildən indiyədək İtaliyanın 12 klubunda forma geyinsə də, ölkə xaricinə çıxmayıb və bu komandalarla 2 dəfə A2 seriyasının kubokunu (“Treçat”, 2001 və “Pesaro”, 2003) qazanıb.

Russo həmçinin, 2009-cu ildə “Novara” ilə CEV kubokunun çempionu adına yiyələnib. Onun son klubu da məhz bu komanda olub. Çünki Valeriya 2010-cu ildə “Novara”dan ayrıldıqdan sonra 1 il meydandan kənar qalıb. 2011-ci ildə yenidən meydana qayıdan hücumçu 3 ildir çimərlik voleybolunda gücünü sınayıb.

Russonun milli karyerasına gəlincə, 182 sm boya malik oyunçu 1997-ci ildə gənclər arasında dünya çempionatının gümüş, 1 il sonra isə Avropa birinciliyinin qızıl medalını qazanıb.

 Qeyd edək ki, Bakı təmsilçisi Russodan öncə hollandiyalı Teon Buijsu baş məşqçi postuna gətirib, yığmamızın blokçusu Ayşən Abduləzimova, Yunanıstan millisinin hücumçusu Evangeliya Çantava və ABŞ yığmasının liberosu Karli Lloydla anlaşıb.

XƏBƏR LENTİ