"Lokomotiv" hollandiyalı voleybolçunu transfer etdi

Sayta qoyulub: 17:53 26.05.2014 (130 dəfə oxunub)

“Lokomotiv” yeni mövsüm üçün heyətini gücləndirməkdə davam edir. Digər klublarımızla müqayisədə daha fəal olan “dəmiryolçular” hollandiyalı voleybolçunun keçidini rəsmiləşdiriblər.

2014/2015 mövsümündə avrokubokla yanaşı, Super Liqada da mükafatçılar sırasında başa vurmaq iddiasında olan Bakı təmsilçisi bu dəfə Hollandiya millisinin aparıcı voleybolçusu Quinta Stenbergenlə rəsmi müqavilə imzalayıb. 29 yaşlı blokçu “Lokomotiv”ə Çexiyanın “Agel” klubundan transfer olunub və növbəti 1 ildə komandamızın şərəfi üçün çalışacaq.

Əslində, 189 sm boya malik Stenbergen Azərbaycan azarkeşləri üçün tanış simadır. 2008-ci ildən Hollandiya millisində çıxış edən oyunçu “Lokomotiv”ə qədər “Bakı”da forma geyinib. O, tarixin yaddaşına köçən klubla 2011/2012 mövsümündə Super Liqanın bürünc medalını qazanıb, “Çelenc Cup”ın finalına kimi irəliləyib. Maraqlıdır ki, həmin həlledici görüşdə də “Bakı”nı məhz “Lokomotiv” məğlub edib.

 Hələlik millisinin 90 matçında meydanda olan Stenbergen təmsilçisindən əlavə, vətənində “Amstelveen”lə Hollandiya kubokunun (2005), Almaniyanın “Şveriner” klubu ilə ölkə çempionatının və kubokunun (2013) qalibi olub. O, həmçinin “Agel”lə də Çexiyanın ən güclüsü adını qazanaraq, kuboku da başı üzərinə qaldırıb.

 Qeyd edək ki, Stenbergeni İtaliya “Foppapedretti”si də heyətində görməkdə maraqlı olub. Lakin blokçu sonda seçimini “Lokomotiv”in xeyrinə edib.

 

Bu da təbiidir. Çünki “dəmiryolçular”ı yeni mövsümdə Hollandiya millisinin sabiq məşqçisi Teon Buijs çalışdıracaq. Bu azmış kimi, onun qızı Ennlə də danışıqlar davam edir və ölkəmizə gələcəyi istisna deyil.

 

Quintanın gəlişi ilə isə komandada rəsmi müqavilələrin sayı 6-ya çatıb. “Lokomotiv” ona qədər Ayşən Abduləzimova (Azərbaycan), Valeriya Russo, Valentina Arriqqetti (hər ikisi İtaliya), Karli Lloyd (ABŞ) və Evangeliya Çantavanı (Yunanıstan) da rənglərinə bağlayıb.

XƏBƏR LENTİ