WSB liqasının finalı ilə bağlı mətbuat konfransı keçirildi

Sayta qoyulub: 14:03 05.06.2014 (139 dəfə oxunub)

Ümumdünya Boks Seriyasında (WSB) Azərbaycanın “Baku Fires” və Kubanın “Cuba Domaderos” komandaları arasında final mərhələsinin ilk görüşü ilə bağlı mətbuat konfransı keçirilib. WSB liqasının rəhbəri Kərim Buzidi mövsümün uğurla keçdiyini və azarkeşlərin baxımlı final izləyəcəklərini deyib.

O, final görüşünü təşkil etdikləri üçün Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərova və “Baku Fires” klubunun rəhbərliyinə təşəkkür edib. Buzidi gələn mövsüm liqada komandaların sayının artırılacağını amma hələ ki müzakirələrin davam etdiyini bildirib.

“Cuba Domaderos” klubunun baş meneceri Alberto Puiq qonaqpərvərliyə görə “Baku Fires” rəhbərliyinə minnətdarlıq edərək, komandalarının hazırlığını yüksək qiymətləndirib: “Kubadan bura uzun yol qət etməyimizə baxmayaraq, boksçularımız özlərini yaxşı hiss edir. “Baku Fires”lə qarşılaşmaya ciddi hazırlaşmışıq. Azərbaycan komandası hər iki görüşdə bizə 2:3 hesabı ilə məğlub oldu. Digər komandaları isə daha rahat üstələmişdik. Kubadan bura uzun yol qət etmişik və kuboku da özümüzlə aparmaq istəyirik”.

“Baku Fires”in baş meneceri Rizvan Gənciyev hər iki matça qələbə qazanmaq üçün çıxacaqlarını deyib: “Kuba boksçuları dünyanın ən güclülərindəndir. Amma bizim uşaqlar da rəqibdən çəkinmirlər. Finalların Bakıda keçirilməsi, bizim üstünlüyümüzdür. Fürsətdən istifadə edərək idman həvəskarlarını “Sərhədçi” İdman Olimpiya Mərkəzinə dəvət edirəm. Onların dəstəyinə çox ehtiyacımız olacaq”.

“Cuba Domaderos”un baş məşqçisi Rolando Akebal finala tam fərqli hazırlaşdıqlarını deyib: “Bu bizim üçün sanki dünya çempionatının həlledici döyüşüdür. Boksçularımızın hamısı yaxşı formadadır. 56 və 75 kq çəki dərəcəsində mübarizə aparacaq boksçularımızın WSB-də təcrübələri az olsa da, onlar çox güclü idmançılardır”.

Komandamızın baş məşqçisi Nuripaşa Talibov isə finala adi qaydada hazırlaşdıqlarını deyib: “Dərk edirik ki, bu sonuncu görüşdür. Hər birimizdə bununla bağlı məsuliyyət var. Amma hazırlıq planımızda heç bir dəyişiklik etməmişik”.

Cari mövsümdə bütün görüşlərini qələbə ilə başa vuran Erislandi Savon (91 kq) Bakıda uğurlu seriyanı davam etdirməyə çalışacağını bildirib. Onun rəqibi olacaq Əbdülqədir Abdullayevsə rinqə qələbə üçün çıxacağını vurğulayıb.

Qeyd edək ki, son anda “Baku Fires” klubunun heyətində dəyişiklik edilib. 49 kq çəki dərəcəsində  Məhəmməd İbiyevin əvəzinə rinqə Həmzə Nametov çıxacaq.

“Baku Fires” və “Cuba Domaderos” arasında filan görüşləri iyunun 6-da və 7-də saat 20.00-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək.

Komandaların heyətləri:
Baku Fires – Cuba Domaderos
49 kq. Həmzə Nametov– Yosbani Veita
56 kq. Məhəmməd Qurbanov– Norlan Yera
64 kq. Heybətulla Hacəliyev– Yasiner Toledo
75 kq. Xaybulla Musalov – Arlen Lopes
91 kq. Əbdülqədir Abdullayev (Azərbaycan) – Erislandi Savon

XƏBƏR LENTİ