Üzgüçülük üzrə Olimpiya çempionu Bakı-2015-in baş ofisində

Sayta qoyulub: 18:00 30.06.2014 (80 dəfə oxunub)

Üzgüçülük üzrə Olimpiya çempionu Bakı-2015-in baş ofisində

Dördqat Olimpiya çempionu Vladimir Salnikov bazar ertəsi Bakı 2015 Avropa Oyunlarının baş ofisinə baş çəkmiş və direktorlar ilə görüşmüşdür. Ona ilk Avropa Oyunları ilə əlaqədar gedən hazırlıq işlərində əldə olunan irəliləyişlər barədə yeni məlumatlar təqdim olunmuşdur.

Rusiya Üzgüçülük Federasiyasının sədri, Rusiya Olimpiya Komitəsinin və FİNA Büronun İcraiyyə Komitəsinin üzvü, eyni zamanda, dördqat Dünya çempionu cənab Salnikov Milli Gimnastika Arenasını, Bakı Kristal Zalı (Crystal Hall) və hazırda inşa olunan Bakı Akvatika Mərkəzini ziyarət etmişdir.

O, həmçinin, gələn ilin yayında keçiriləcək yarışlar müddətində 9000-dən çox idmançı və rəsmilərə ev sahibliyi edəcək yeni tikilmiş Bakı 2015 Atletlər Kəndinə də baş çəkmişdir.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Atlet Xidmətləri və Əməliyyatlar şöbəsinin direktoru cənab Ceyms Makleod demişdir: “Mən dünyanın ən güclü üzgüçülərindən birini Bakı 2015 Avropa Oyunlarının baş ofisində salamlamaqdan və ona möhtəşəm idman obyektlərimizdən bəzilərini göstərməkdən məmnunam.

“Vladimir çoxsaylı idman növləri üzrə əsas yarışların həyata keçirilməsinə nə qədər ağır işlərin daxil olduğunu və komitədə çalışan hər bir kəsin öz diqqətini yarışlara cəlb olunan hər kəs üçün unudulmaz Oyunların hazırlanmasına yönəltdiyini bilir.” 

Cənab Salnikov demişdir: “Bakı 2015 Avropa Oyunlarının keçiriləcəyi obyektlərə baş çəkmək və ilk Avropa Oyunlarını həyata keçirmək istiqamətində əldə olunmaqda olan təsiredici irəliləyişlərin şahidi olmaq çox xoş idi.

“Öz ölkəsində keçirilən Oyunlarda yarışmaq hər bir idmançı üçün böyük ruh yüksəkliyidir və mən əminəm ki, hər bir azərbaycanlı rəqib bu idman obyektlərində yarışmaqdan zövq alacaq və uğura nail olmağa ilhamlı olacaq.”

Cənab Salnikov 1980-ci ildə Moskva şəhərində keçirilmiş Yay Olimpiya Oyunlarında 400 metr, 1500 metr və 4x200 metr məsafədə sərbəst üsul üzrə üzmədə qızıl medallar qazanmışdır. 1500 metr məsafəyə sərbəst üsulla üzərək o, bu məsafəyə 15 dəqiqədən az müddətdə üzən ilk idmançı olmuş və bununla yeni Dünya və Olimpiya rekorlarını qırmışdır. O, həmçinin, 1988-ci il Seul Yay Olimpiya Oyunlarında 1500 metr məsafədə sərbəst üsul ilə üzmə yarışında qızıl medala sahib olmuşdur.

XƏBƏR LENTİ