TANRI MARADONA... PEYĞƏMBƏR PELE

Sayta qoyulub: 08:22 03.07.2014 (1167 dəfə oxunub)

Dünya çempionatı öncəsi
 
Kapitalizmin ürküdücü xüsusiyyətlərindən biri budur ki, hansısa bir layihəyə külli miqdarda vəsait yatırılması, insanları bütün qayğılarına bir daha nəzər yetirməsinə sürükləyir. Sən demə maaşlar az, iş saatları çox, vergilər yüksək dərəcəli, nəqliyyat sistemi bərbad, ərzaqlar keyfiyyətsiz imiş. Futbol üzrə dünya çempionatına etiraz, özü də bu etirazı daha çox ehtiras etimologiyasının daşıyıcıları olan braziliyalıların etməsi məni çox düşündür(ür)dü.
 
San-Paulo çimərlikləri, Günəşin umac kimi qovurduğu isti qum, nəm bikinili, incə ayaqlı, qarabuğdayı gözəllər, qayçıvari ayaqları ilə min hoqqadan çıxan qaqaşlar və ayaqları ayaqqabı görməyən, süddən kəsilməmiş körpənin top dalınca səndirləməsi. İsti Rio qəhvəsindən içə-içə serial izləyən yaşlılar. 14 milyard dollar ekstravaqant braziliyalıların keflərinə təsirsiz ötüşmədi. Ancaq, əmin olun ki, gündə bircə dəfə süfrə başına yığışan, qarnı ac Qoyaslı ailə Ronaldinyonun vurduğu bir qolla mədələrindəki inqilabı anındaca yatırardılar. Ronaldinyonu da Skolari bəyənmədi.

Həmişə olduğu kimi çempionat ərəfəsində “cırtdan” millilərin oyunçuları boğazdan yuxarı açıqlamalar verirdilər. Hondurasın baş məşqçisini yüzcə qram içirtsəydin, kuboka iddiasının olduğunu öz dilindən eşitmək olardı. Oyunbazlar cəlbedici proqnozları ilə əhalinin cibindən pulu “zorla” çırpışdırmaq istəyirdilər. Vətənlərində oynamaları “pentakampiyon”ları favorit qismində qeyd etməyə əsas verirdi. Almaniya, Argentina və son çempion İspaniya braziliyalılara kuboku hədiyyə etməkdən uzaq görünürdü.

TANRI MARADONA... PEYĞƏMBƏR PELE

İlk oyun günü. Cəbə və Sabutay... Maradona Tanrı olarsa

“Sanbaçılar” Xorvatiya ilə oyuna yaxşı başlamadılar. Meydançada dizləri əsən Marsello qapıları səhv saldı. Məni yuxu aparmışdı. Qardaşım bir “yaponlar nə qanır futbolu...penalti yox idi” bağıranda, bir də “burnunuzdan gəlsin, 3-1” deyəndə ayıldım. Marsellonu axtarırdım, görüm yaxşıdırmı? Səbrsiz rejissorlarımız translyasiyanı kəsdilər.

Hollandlar 2010-da uduzduqları finalın revanşını ilk turdaca “erkən final” adlandırılan oyunda ispanlardan ala bilərdi. Pireneylilər “ötür mənə, qaytarım sənə” oyun üslubuna sadiq qalacaqlarını ilk 5-10 dəqiqədə göstərdilər. Monqol sərkərdələri Cəbə və Sabutay kimi Vam Persi və Roben qoşunu arxalarınca aparırdı. Referinin penalti verməsi və Alonsonun elektron tablodakı hesaba əl gəzdirilməsinə bəcbur edən qolu kuboku heç kimə vermərik ismarıcı idi. Del Boske yarımoval bığının altda gülümsəyir, Van Qala “ağıllı ol” tərzdə rişxəndlə baxırdı. Sonra... “avropasayağı kopuero” zərbəsi ilə Robbi Kasilyasın pəncərəsindən bir qaratoyuq içəri saldı. Bu əndirabadi qolu futbol dərsliklərinin ön səhifəsinə yerləşdirməyə tələsən mütəxəssislər əl-ayağa düşərkən, ilk yarı “nağara çubuqları” ilə sonuclandı.

TANRI MARADONA... PEYĞƏMBƏR PELE

İkinci hissə barədə onu deyə bilərəm ki, məşhur filmdə Oberiksin Sezarın ordusunu əzdiyi vaxtda hörümçəyin həyat tərzindən danışıldığı kimi, “narıncılar”ın, “Məğlubedilməz Armada”nı necə məğlub edərlər filminin premyerası nümayiş etdirilirdi. Həmin gün Roben və Robbi “Romul və Rem qardaşları”, “Bəzz qalasının pələngləri”, “Tanrının əsgərləri” idilər. 5-1 əlavə şərhə ehtiyac yox.

Dünyada ateizmin coğrafiyası genişləndiyi bir vaxtda, Argentinada Maradonaya büt ucaldıb şam yandıranların sayı az deyil. Deyilənlərə görə Maradonanın toxumlarını satın almaq üçün yerli qadınlar əldən-ayaqdan gedirlər. Buna deyərəm “biznes”. Ancaq keçmiş hippi biletsiz halda çox qışqır-bağır salıb, “mən tanrıyam” desə də, onu stadiona buraxmadılar. Axı braziliyalıların Pele adlı öz “peyğəmbər”ləri var. Maraqlıdır, tanrı məcbur olub oyunu televizordan izlədi. Texnologiya belə olar – tanrılara da diqtəsini yeridir.

Argentina-Bosniya. Ümumi halda bosniyalılar haqqında yalnız xoş sözlər söyləmək olar. Rəqibdən çəkinmədən, fədakarcasına mübarizə apardılar. “Potensial tanrı” – Messi amili öz təsirini göstərdi. Argentina aşnası Braziliya kimi bir çox sualları cavabsız qoydu.

Ronaldonu maşın vurdu

“Bundestim” “Avropanın braziliyalıları” ilə oyuna ciddi hazırlaşmışdı. Löv nominal hücumçusuz start heyəti meydana buraxanda, almanların daha çox müdafiədən oynayacağı, Ronaldonu necə saxlamaq haqqında fikirləşəcəklərini söyləmək olardı. Ancaq həmin günkü Portuqaliya, Ağasəlim Mircavadovlu Azərbaycan millisindən heç nə ilə  fərqlənmirdi. Düzdür, almanlar fransızlardan fərqli olaraq rəqiblə daha yaxşı rəftar etdilər. Alman adamının çox dəqiq, sözündə düz olduğunu deyirlər. Futbolda qətiyyən belə deyil. Portegiz həmkarlarını, sintetik çin parçasını kətan adıyla “itələyən” Bakı alverçiləri kimi aldadırdılar. 1-0...2-0...Axı bu Ronaldo haradadır. Portuqaliyalılar meydançada elə mübarizə aparırdılar, sanki oyundan əvvəl yeməklərinə qarın ağrısı dərmanı səpiblər. Ronaldonun problemi daha ciddi idi – qarnı ağrımaqla bərabər onu “alman maşını” vurmuşdu. 4-0 və proqnozlarda əminliklə “qol-qol” yazan kəslərin qarnı hamıdan möhkəm ağrıdı.

Braziliya – 2014 teatrdır yoxsa 3D effekti ilə yığılmış animasiya filmi?

Azərbaycanda keçirilən “Eurovision” mahnı yarışması ilə Braziliya – 2014 arasında böyük fərq var. Əvvəla, azərbaycanlılar millət kimi xarakter, dolğun fikir sahibliyi anlayışından ağac ağac uzaqdırlar. İkincisi, braziliyalıların futbol sevgisi bizim incəsənətə olan bağlılığımızdan dəfələrlə çoxdur. Adi bir misal: Avroviziyada qalib gələn gecə, orta statistik azərbaycanlı qələbə sevincini dadmaqdansa, Nigarın qısa geyimini müzakirə edirdi: “Özzüm ölüm bizə yaraşmır”.

Mən həmişə özümə təlqin etməyə çalışmışam ki, futbol yeganə silahdır ki, cismi yox, kini-küdurəti, dərdləri öldürür. Saatyarımlıq tamaşa ssenarisiz, qrimsiz, dublyajsız necə var eləcə də təqdim olunur. Burada baş rol ifaçıları əvvəlcədən məlum deyil. Gedişatda bilinir. Necə ki, Roben, Vam Persi, Müller öz tamaşalarının baş rol ifaçıları oldular.

35 günlük karnaval öz axarıyla tarixə qovuşacaq. Braziliyalıların karnavala ehtiyacı yoxdur, kuboka isə var. Futbolçular bunu gözəl anlayırlar və ölkələrinin “milli qəhrəman”larına çevrilməyi istəyirlər. Yaşayıb görərik.

 

 

Orxan

XƏBƏR LENTİ