Oğuz Çətin: "Xəzər-Lənkəran çempionluğa oynayacaq"

Sayta qoyulub: 17:32 13.08.2014 (92 dəfə oxunub)

Oğuz Çətin: "Xəzər-Lənkəran çempionluğa oynayacaq"

"Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətinin azerisport.az saytına müsahibəsi

- Hazırlıq necə gedir?
- Uzun fasilədən sonra Lənkərana gəlmişik. Bu yay yaxşı toplanış keçdik. Baxmayaraq ki, Rauf Əliyevlə Etame Mbilla komandaya gec qoşuldu, Əfran İsmayılov ümumiyyətlə toplanışda iştirak etmədi. Amma onlarla xüsusi hazırlaşırıq. Təəssüf ki, mövsümün ilk turunda qələbə qazana bilmədik. Heç-heçə məni üzdü. Çünki Lənkərana qələbə ilə qayıtmaq istəyirdim. Azarkeşlər bizdən "Sumqayıt"la oyunda qələbə gözləyirlər. Buna yaxşı futbol sərgiləməklə nail olmaq istəyirik.

- AZAL ilə oyunda qələbə qazana bilməməyiniz komandanızın mövsümə tam hazır olmadığına işarə deyil ki?
- Hazırlıq keçsə də belə, heç bir komanda mövsümün ilk oyununa tam hazır olmur. Biz də indi təxminən 80 faiz hazırıq. Amma bu, AZAL üzərində qələbəyə bəs etməliydi.

- Sizdən "Sumqayıt" üzərində inamlı qələbə gözlənilir...
- Təkcə "Sumqayıt"ı yox, digər rəqiblərimizə də qalib gəlməliyik. Son iki-üç ildə komandamız yaxşı nəticə qazana bilmir. Hiss edirəm ki, azarkeşlər, futbolçular, bütün lənkəranlılar buna görə çox narahatdılar. Bu mövsüm nəticəmizi yaxşılaşdırmalıyıq.

- Rəhbərlik qarşınıza hansı hədəfi qoyub?
- Geridə qalan müddətdə klub prezidenti mənə böyük kömək göstərdi. Bizə uyğun olmayan futbolçularla rahatlıqla ayrıldıq, lazım olanları aldıq. Bütün bunlar komandanın çempionluğa oynaması, kubokda iddialı olması, avrokuboklara vəsiqə qazanması üçün hesablanmışdı. Hədəfimiz dəyişməzdi. Bu komanda mövsümün son turuna kimi çempionluq üçün oynayacaq.

- Azarkeşlərin sizə qarşı münasibəti necədi? Hamı bilir ki, onlar az qala hər oyunda istefa şüarları səsləndirib, Mirça Rednikin qaytarılmasını tələb edirlər...
- Bu barədə heç nə deyə bilmərəm. Komandanı ötən mövsümün sonunda dörd oyuna çıxardım və nəticə qazandım. Bu mövsüm də azarkeşlərin mənə qarşı münasibətinin yaxşı olması üçün müsbət nəticələr qazanmalıyıq. Əgər komandam gözəl futbol sərgiləsə, yaxşı nəticələr qazansa, heç bir iradları ola bilməz. İnanıram ki, avqustun sonlarından etibarən onlar komandaya inanmağa başlayacaqlar. Mən buna indidən inanıram və çoxsaylı XL azarkeşlərini də buna inandırmaq üçün əlimdən gələni edəcəm. Onların dəstəyi bizim üçün vacibdi. Əgər tribunalar dolu olsa, futbolçular da böyük motivasiya ilə oynayacaqlar.

- "Qarabağ"la "Neftçi"nin avrokuboklardakı oyunlarını yəqin ki, izləmisiz. Onlarla mübarizə apara biləcəksiz?
- Hər ikisi güclü komandadı. Xüsusilə də ağdamlıların oyunçu seçimini qeyd etməliyəm. Ötən mövsüm pis çıxış etsək də, rəhbərlik etdiyim XL onları iki dəfə məğlub etdi. Bizim kifayət qədər potensialımız var ki, daha güclü komandalara qalib gələk.

- Rəşad Sadiqov, Rauf Əliyev, Əfran İsmayılov barədə nə deyə bilərsiz?
- Keyfiyyətli yerli futbolçularla güclənmək əsas hədəflərimizdən idi. Fikrimcə, bu istəyimizə nail olduq. Artıq kifayət qədər səviyyəli yerli oyunçularımız var. Rəşad hazırda əla vəziyyətdədi və bizə kömək etməyə hazırdı. Rauf fiziki cəhətdən tam hazır deyil. Əfrana gəlincə, fərdi məşqlər edir. 2-3 həftə sonra o da qaydasına düşəcək.

Azerisport.az

 

XƏBƏR LENTİ