Superliqanın başlama tarixi müəyyənləşdi

Sayta qoyulub: 20:03 14.08.2014 (138 dəfə oxunub)

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının 2014/2015 mövsümünün başlama tarixinə və reqlamentinə aydınlıq gəlib. Ölkə çempionatına oktyabrın 22-də, özü də fərqli sistemlə start veriləcək.

 Belə ki, Super Liqa tarixində ilk dəfə artıq tək paytaxtı deyil, əyaləti də əhatə edəcək. Yəni, çempionat əvvəlki kimi Bakıda yalnız eyni zalda keçirilməyəcək. Çünki yeni reqlamentə əsasən, komandalar bir-biri ilə eyni meydanda deyil, ev-səfər prinsipi ilə qarşılaşacaqlar.

 Artıq komandaların öz meydanındakı oyunlarını keçirəcəyi arenalar da müəyyənləşib.

Son illərin dəyişməz Azərbaycan çempionu “Rabitə” ikinci komandası olan “Telekom”la birgə rəqiblərini “Gənclik” Olimpiya Kompleksində qəbul edəcək. “Azəryol”, “Azərreyl” və “Lokomotiv” ev oyunlarını Voleybol Mərkəzində keçirəcək. Lakin sonuncuların mövsümü bu arenada başa vurmayacağı da gözləniləndi. Super Liqanın bürünc medalçısı “İqtisadçı” isə ev oyunlarını paytaxtdan kənarda keçirəcək. Quba Olimpiya Kompleksi onların ixtiyarında olacaq.

 

Reqlamentə gəlincə, ötən ilki qaydalarda dəyişiklik nəzərdə tutulmayıb. Komandalar 3 dövrədən sonra pley-off oynayacaqlar. Çempionatın aprelin sonlarında bitməsi planlaşdırılır.

 

Qeyd edək ki, yeni çempionatda legioner limiti çoxdan məlum idi. Federasiyanın qərarına əsasən, meydanda 2, ehtiyat oyunçular skamyasında 1 azərbaycanlının olması vacibdi. 

XƏBƏR LENTİ