Faiq Qarayev: “Gördüm ki, qızları bezdirmişəm, gedəcəm”

Sayta qoyulub: 09:15 19.10.2014 (233 dəfə oxunub)

Faiq Qarayev: “Gördüm ki, qızları bezdirmişəm, gedəcəm”

 

 

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi, Azərbaycan Voleybol Federasiyasının birinci vitse-prezidenti mətbuata müsahibə verib.


- Salam Faiq müəllim, salamatçılıqdırmı? İşlər necə gedir?
- Bu sualı mənə verəndə adətən rəhmətlik babamın bir sözü düşür yadıma...(Gülümsəyir). 
 
- Nə deyirdi babanız?
- Deyirdi ay bala, başını gedib hara soxmusan?..
 
- Neyləmişdiniz ki?
- Heç nə məşqçi təyin edilmişdim. Özü də qadınlardan ibarət komandaya.
 
- Babanızın sözünü tez-tez xatırlayırsınız?
- Otuz ildir çalışıram. Özü də qadınlarla. Bu otuz ilin çox böyük əziyyəti məsuliyyəti var. Və bəzən xatırlamalı oluram.  
 
- Bir də düşünəndə ki, əsasən qadınlarla çalışırsınız demək olar ki işiniz lap çətin olub...
- Hə doğrudur. Qadınlarla çalışmaq böyük məsuliyyətdir. Fərdi idman növü olsaydı adam deyərdi ki, bir, iki, ya da üç qadınla çalışır. Amma görürsünüz nə qədər qadın var, gənc qızlar var. Eləsi var ki, on dörd yaşından gözümüzün önündə böyüyüb, yanımızda saxlayıb yetişdirmişik. Həyatdır, biz də insanıq.  Ailə problemləri olur, şəxsi məsələlər olur, səhhətlərində hansısa dəyişikliklər baş verir. Bunların hamısını nəzarətdə saxlamaq, onlarla məşğul olmaq məcburiyyətindəyik. Bir də artıq az qala ailəyik. O qədər qaynayıb qarışmışıq ki, birinin başı ağrıyanda reaksiya verməmək olmur.
 
- Peşman deyilsiniz ki?
- Yox, qətiyyən yox. Mənim gördüyüm iş insana qürur verən bir hissdir.  Mən özüm də həyatda nə qazanmışamsa bu komandaların hesabına qazanmışam.
 
- İdman sizə nə verib ki?
- Çox şey. Elə uğur qazanan adamlar var ki, baxıram elə bilirlər hər şeyi özləri eləyib, özləri qazanıblar. Amma elə deyil. Kollektiv oyunlarda mənim məşqçilərim var. Federasiyanın müxtəlif qurumlarında çalışan insanlar var.  Onların hamısı bizim var olmağımıza, görünməyimizə xidmət edirlər. Bunu danmaq və deməmək olmaz. Əgər o insanlar olmasa hər hansı nəticə də olmaz. Ya da uğurlu bir lider formalaşa bilməz. O üzdən mən heç zaman düşünməmişəm ki, nə elədimsə, özüm elədim. Bunu birmənalı yadınızda saxlayın. Əlinizdə nə qədər uğurlu layihə olur olsun, nə qədər bacarıqlı biri olursunuz olun, sizi başa düşən insanlar, yetkin komandanız yoxdursa heç nəyə nail olmayacaqsınız.
 
- Faiq müəllim 1991-ci ildə Türkiyəyə getdiniz. Niyə? O komanda siz gedənə qədər var idi axı? Kimdən incidiniz ki?
- Heç kimdən incimədim. Biz SSRİ-də super liqada oynayırdıq. Nəticələrimiz çox uğurlu idi. SSRİ dağıldı.  Baxın SSRİ yığmasının gənclərdən ibarət komandasının məşqçisi idim, İtaliyada Avropa çempionu oldum. İşlərim yaxşıdan da, yaxşı gedirdi. O vəziyyətdə hər şey dağıldı birdən. Biz qaldıq gərginlikdə. Yəqin yadınızda olmuş olar, o zamanlar Azərbaycanda nələr baş verirdi. Heç kim nəyin necə olacağını bilmirdi. Bir mən yox, o vaxt işi sənəti ancaq idman olan adamların hamısı pis gündə idi. Necə olacaq, sualına cavab tapa bilmirdik. Onda mən Türkiyə komandasını Bakıya dəvət eləmişdim. Sonra telefon əlaqəmiz oldu və mən Türkiyəyə gedəsi oldum.
 
- İncimədiniz, amma çətin gündə çəkilib getdiniz həm də. Niyə?
 
- Mən tək deyildim. İllərlə formalaşan idmançılarım var idi yanımda. Onlar da ağır durumda idilər. Mən həm də ona görə getdim ki, qızlarımı, oyunçuları yerləşdirim. Onları qorumaq lazım idi. Batıb getmələrini istəmirdim.
 
- Deyəsən yerləşdirə bilmişdiniz də..
 
- Hə elədir. Şabovta, Alla Həsənova, Məmmədyarova orda oynayırdılar. 1993-cü ilə qədər ondan çox oyunçunu yerləşdirə bilmişdim. Qızlarımızın elələri var idi ki, onların kontraktları yox idi. O məqamda qərara aldım ki, mənim də yanlarında olmam vacibdir. Çünki kontraktı olmayana məşq eləmək imkanı vermirdilər. Amma mən məşqçi kimi çalışanda artıq bu imkanı özüm onlara verə bilirdim. Səmimiyyətimə inanın özümdən çox qızların xətrinə elədim bunu. Çünki bilirdim ki, bir gün dönmək lazım gələcək.  Onda həmin adamlar bizə mütləq lazım olacaq.
 
- Əslində deyəsən düz düşünmüşdünüz...
 
- Bunu dəqiqi bilirdim. 1993-cü ildə artıq dünya çempionu olduq. Və Azərbaycanda vəziyyət sabitləşməyə başlayırdı. Heydər Əliyev hakimiyyətə gəlmişdi. O bizi Bakıya dəvət elədi. Gəldik.  Təlim məşq toplanışlarında olduq. Çalışdıq. Yaxşı nəticələrimiz oldu. Sonra Heydər Əliyevin göstərişi ilə bizə pul ayrıldı. Həmin vəsaitin hesabına Braziliyaya getdik. 1994-cü ildə keçirilən dünya çempionatında iştirak elədik.  İşlər qaydaya düşürdü yavaş-yavaş. Amma tam dönüş deyildi bu.   
 
- Sonra Olimpiya komitəsi yaradıldı. Bu sizə nə verdi?
- Cənab İlham Əliyevin o qurumun başında durmasının Azərbaycana çox böyük faydası oldu. Çünki İlham Əliyev xaricdə yaşayan bütün idmançıları Bakıya dəvət eləməyə başlamışdı.
 
- Və növbə sizə də çatdı bir gün...
- Hə elədi. 2000-ci ildə mənə Bakıdan zəng elədilər. Mən onda Türkiyə yığmasının baş məşqçisi idim. Dedilər İlham müəllim sizinlə görüşmək istəyir. Bunun üçün mən Bakıya gəlməli idim. Amma elə işlər var idi ki, gedə bilmirdim. Bunu onlara dedim.
 
- O hansı işlər idi?
- Kontraktım vardı. Onlar zəng vuranda yanvar ayı idi.  Mənim kontraktımın müddəti martda bitirdi. Həmişə Novruz bayramında Bakıya gəlirdim. Artıq planımı qurmuşdum yəni. Anamın məzarını ziyarət edib, qohumlarla görüşüb dönəcəkdim. Onlara bu barədə dedim. Anlaşdıq ki, bu görüş elə martda olsun. Görüşün gününə, saatına qədər müəyyən eləyib dedilər mənə. Martın 19-u saat ikidə görüşəcəkdim İlham Əliyevlə. Bayaq da qeyd elədim ki, bu söhbət yanvar ayında olmuşdu. Marta qədər mənə zəng eləyən olmadı. Amma mən Bakıya gəldim. Düşünürdüm ki, bəlkə heç baş tutmayacaq. Ona görə bu aylar ərzində heç əlaqə saxlayan olmayıb. Sonra dedim yox, əsas olan odur ki, mənə təyin olan zamanda və saatda mən həmin yerdə olum. Görüş baş tutsa da, tutmasa da. Gəldim Dövlət Neft Şirkətinin binasının qarşısına. Çaşıb qalmışdır. Öz-özümə deyirdim görən necə gedim, necə eləyim? Görün, neçə vaxtdır çıxmışdım buralardan. Amma getmək vacib idi, çünki çağırmışdılar. İnanın gördüyümə inanmadım. Məni elə təmtəraqla qarşıladılar ki, görmək lazım idi.  Sonra İlham müəllimin yanına getdim. Bir saatdan artıq söhbətimiz oldu. Gördüm idman haqqında çox böyük planları var. Hər şeydən danışdıq. Sonda mənə bir sual verdi: İndi gəlirsiniz, ya yox Faiq müəllim? Dedim yüzdə yüz gəlirəm. Çünki elə planlar eşitdim ki, ona görə Azərbaycana dönüb, burda xidmət göstərməkdən imtina eləmək olmazdı. Mən bu ölkənin, bu vətənin oğluyam. Buranın bir qarış torpağı da mənim üçün vazkeçilməzdir. Mən həm də sevinirdim ki,  məni tamamilə vətənimə qaytarırlar, mənə burda lazım olduğumu anladırlar. Bu başqa bir hisdir. Bunu yaşayanda anlayır adam. Ona görə İlham müəllimə yüzdə-yüz dönürəm dedim.  Bəlkə də inanmazsınız onda mənim Türkiyədə çox böyük imkanlarım vardı. Evim, maşınım, bir sözlə hər şeyim vardı. Əslində heç nəyə ehtiyacım yox idi. Sadəcə işimdə bir dönmək həsrəti də qalmışdı ötən illər ərzində. İlham müəllimin təklifi  o həsrətimi bitirirdi. Və bunun qarşılığında bütün imkanlardan keçməyinə dəyərdi.
 
- Siz ümumi dediniz. Amma əksəriyyət Azərbaycana dönəndə nələrdən imtina elədiyinizi bilir. Böyük pullar, illərlə qazanılmış nüfuz, əlaqələr bir sözlə çox şey. Sonra nələrdən imtina eləmisiniz həyatda? Ümumiyyətlə, imtina eləmək asan bir şeydirmi?
-  Mənim nəyisə şişirdib böyütməklə aram yoxdur. Sadə adamam. Hər zaman  nəyi doğru bilirəmsə onu eləyirəm, onu deyirəm.  Məncə insan ürəyinin sözünü eşitməlidir. Çünki sonda hər şey ürəyin istədiyi kimi olur. Mən həmişə ürəyimin dediyinə qulaq asmışam. İmtina eləmək lazım gəlib bunu eləmişəm. Çətin asan olduğunu deyə bilmərəm. Amma hələ imtina elədiyim nələrəsə görə təəssüfləndiyim, uduzduğum olmayıb. Bilirsinizmi insan özünü bir iki saatlıq ideal, ağıllı, səmimi göstərməklə deyil. O şey insanın içindən, qəlbindən gəlmirsə gec tez özünü biruzə verir.
 
- Həmişə səmimi  olmaq alınırmı həyatda?
- Mənim işim elə işdir ki, ən həssas, diqqətindən heç nəyi qaçırmayan təbəqəsi ilə işləyirəm, qadınlarla. Onlarla səmimi olmasan planlaşdırdığın heç nə istədiyin kimi alınmayacaq.
 
- Siz ürəyinizi dinləyib Azərbaycana döndünüz. Bəs özünüzlə apardığınız oyunçuları necə qaytara bildiniz?
- Onların da hər şeyi vardı orda. Amma mən onları inandıra bildim. Qızları əmin elədim ki, Azərbaycanda bizim üçün yaradılacaq şərait, ümumilikdə görüləcək işlər çox yaxşı olacaq. Onda İlham müəllimin mənə və bizə münasibəti bəlli idi. Ziya müəllimə də açıq
və birbaşa tapşırıq verilmişdi ki, lazım olan şəraiti yaratsın. Çünki  bizim federasiyanın başında o dururdu. Çox gərgin işlədik. Və bu onunla nəticələndi ki, 2001-ci ildən bizim uğurlarımız başladı. Sizə bir şey deyim. Baxın bu gün Azərbaycanda fərdi idman növləri, məsələn güləş, boks çox inkişaf eləyib. Uğurlar böyükdür. Amma kollektiv idman növlərində elə böyük uğurlar əldə eləyə bilmirik. Voleybolda biz bu nəticəni əldə eləmişik. Və hamıya elə gəlir ki, bu məşq prosesi ilə bağlı olan məsələdir. Yox bu belə deyil. Kollektiv oyunların ən böyük uğuru gözəl kollektivin yığılmasıdır. Mənim də ən böyük uğurum budur. Gözəl kollektivimiz var. Baxın bu yay Azərbaycanda Avropanın ən böyük yarışmalarından biri, çimərlik voleybol turniri keçirildi. Bizim federasiyanın müxtəlif turnirlərdə altı klubu oynayır və sair bu kimi işlər. Bütün bunları təkcə yaxşı məşq eləməklə qazanmaq olmur. Oyundan qabaq kollektivin olması həll eləyir bu işləri. Bizim federasiya yaxşı və ağıllı adamlardan qurulub.
 
- Faiq Qarayev bu gün var və təbii ki, bir gün yerinizi kiməsə verəcəksiniz. Kim var Faiq müəllim? (Biz söhbəti elə məşq gedə-gedə eləyirdik. O üzdən bu sualımdan sonra zala diqqətlə baxdı. Öncə elə bildim ki, təəssüflənəcək və hələ ki, kimsə yoxdur deyəcək. Amma əlinin irəli uzadıb məndən göstərdiyi tərəfə baxmamı istədi ... - J.M)
- Görürsünüz Vüqarı, Vüqar Əliyevi, Aleksandr Çervyakovu, sonra sırada əyləşən o uşaqları. Hamısı bizim məktəbin yetişdirdiyi kadrlardır. Ona görə narahat deyiləm. Adamlar yetişir. Mən onların yolunu açmışam. Yeni nəsil lazımdır.  Onların yolunu  bilərəkdən bağlamaq olmaz.   
 
- Deyirlər ki, Faiq Qarayev artıq işinə əvvəlki qədər diqqətli deyil. Siz nə deyirsiniz?
- Qətiyyən belə deyil. Əksinə mənim işim həddən artıqdır. Mən bu gün  federasiyanın birinci vitse-prezidentiyəm. Müxtəlif yarışmalara qatılırıq. Xarici ölkələrə səfərlərin sayı artıb. Rəsmi görüşlər olur, iclaslar keçirilir. 2017-ci ildə Azərbaycanda Avropa çempionatı keçiriləcək. Azərbaycanda bu yarışmanı finalı Bakı olmaqla daha iki böyük şəhərdə keçirəcəyik. O üzdən indidən ciddi hazırlıq işləri gedir, yəni məsuliyyət daha da artıb nəinki azalıb.  
 
- Amma bu yaxında ailənizdə də çətin günlər yaşandığını eşitdim...
- Hə, o günlərsiz mümkün deyil. Hamıda olur. Ailəmizdə ciddi problemlər yaşandı. Atamı itirdim. Sonra öz səhhətim bir az sözümə baxmadı.
 
- Nə qədər “nadinclik” eləyir səhhətiniz?
- İki əməliyyat keçirilməsinə qədər ciddi oldu vəziyyət. Bilirsiniz mən son on ildə çox işlədim, çox da yoruldum. Amma unutdum, düşünmədim ki, yaş da öz sözünü deyir.
 
- Oyuna, məşqlərə  baxanda həyəcanlı görünürsünüz. Amma mənə elə gəlirdi ki, sizdə bu həyəcan artıq yaşanıb bitməli idi...
- Elə bir problemim odur. Məşqlərə baxmaq sadə  iş deyil. Hər şeyi görmək lazımdır.  Real oyun isə artıq mənim təzyiqimi oynadır. Qan təzyiqi problemim var. Həyəcanlanan kimi yüksəlir. Sonra əziyyət verir mənə. Ayaqlarımda damar problemi var idi. Xeyli damar çıxarıldı ayağımdan. Yəni yaş işini görür. Amma biz dayanmamalıyıq, davam eləməliyik. O üzdən işlər çoxdur. Bizim qızlar da fədakardırlar. Lap əzilmiş, travmalı olsalar da oynayırlar. İndi mən onları birmənalı müdafiə eləmirəm. Yəni onların əslində işləri budur, oynamaq. Və onlar buna görə də maaş alırlar. Amma yenə də çətin işdir. Bayaq da dedim, siz də bilirsiniz qadınlar həssas adamlardırlar. Elə məsələlər var ki, onlara ata olmalı olursan. Elə məqamlar olur ki, dost, qardaş olmaq lazım gəlir. Bütün bunlar çətin məsələlərdir.
 
-  Bezdirmir sizi, bu qədər qadının atası, qardaşı, dostu olmaq?... Çünki bu təkcə sevincli məqamlardan ibarət deyil həm də ciddi problemlərin üstünə getmək, onlar həllini tapana qədər o günləri yaşamaq deməkdir. Və həm də fərd olaraq bu problemlər sizə ümumiyyətlə aid olmayan məsələdirsə yükü bir az da ağır gəlir adama...
- Yüzdə-yüz sizinlə razıyam. Amma mən uğuru başqa cür qazana bilməzdim. Və bir də yeni nəsil idmançıları yetişdirmək üçün bu problemlərin hər birinə qatlaşmaq vacibdir.
Ayşən, Odina, Natəvan, bunların hər biri bizim özümüzündür. Bu işləri dözə-dözə görməsək belə yaxşı nəticələr əldə oluna bilməz. Natalya, Polina biz bunların heç birini kənardan almamışıq. Polina 14 yaşından burdadır. Bizim gözümün qarşısında böyüyüb. Polina gələndə heç gəzə bilmirdi. Bu gün Avropanın ən güclü oyunçularında birinə çevrilib amma. İstəmirəm ki, biz gedib oyunçu alıb gətirək. Bizə o şərait yaradılıb ki, özümüz oyunçu yetişdirək. İndi Voleybol Akademiyası yaratmışıq. O akademiyaya perspektivli oyunçuları toplayacağıq ki, gələcəkdə oyunçu problemimiz olmasın.
 
- Bir oyunçunun yetişdirilməsi üçün nə qədər zaman lazımdır?
- Azı altı-yeddi il. Bu çox çətin bir prosesdir həm də.
 
- Uzun illər müşahidə elədiyim bir şey var. Mənə elə gəlir ki, bizim hansı sahədə olur olsun uğursuzluğumuz özümüzü sevə bilməməyimizdən başlayır...
- Bu günlərdə mən Azərbaycandakı diplomatik korpus rəsmilərindən biri ilə söhbət edirdim. Ona sözgəlişi komandalarımız, dünya çempionatındakı oyunlarımızdan da danışdım bir az. Gördüm kişi əməlli başlı sevinir və qulaqlarına inanmır ki, bizim belə göstəricilərimiz, uğurlarımız var. Biz özümüzü sevə bilmirik. Və bir də sevib gördüyümüz işlərin də təqdimatını eləməyi bacarmırıq. Amma o qədər önə çəkilib, təqdim olunacaq işlər, adamlar var ki. Həm də bir sahədə yox, bütün sahələrdə.  Səkkiz-doqquz milyonuq.  Bizi dünyada tanımayanlar da var. Amma hansısa dünya çempionatında, dünya çempionu olub, birinci pillədə dururuqsa, bayrağımız göylərə ucalırsa, himnimiz səslənirsə bu ayrı cür şərəf verir...
Bir də özünüz diqqət eləyin on beş il bundan qabaq bizim xaricdən bir qonağımız gələndə utanırdıq. Göstərməyə, gəzdirməyə yer tapa bilmirdik. Aparıb bir restorana salıb qonaq edirdik yeməklərimizə, vəssalam. İndi görün necə gözəl yerlər var ki, fəxrlə qonaqları gəzdiririk. Gözəl zallarımız, restoranlarımız. Adam rahat olur, fəxr eləyir. Bütün bu imkanları bizə yaradıblar. Qalır vicdanla işləmək. Bu gün təkcə bizə yox, bütün federasiyalara şərait yaradılıb. Ən yüksək səviyyədə. İndi futbolu deyirlər. Bəli, onlar uduzur. Amma qələbəyə birdən nail olmaq olmur. Uzun müddət işləmək, mübarizə aparmaq lazımdır. Qoy uduzsunlar. Amma vətənpərvər olub gedib onları dəstəkləmək lazımdır, ələ salmaq yox. Və bir müddətdən sonra görəcəksiniz ki, başlayıblar udmağa. Uzun illər mənə sual verirdilər ki, biz Rusiyanı nə vaxt udacağıq? Əvvəl cavab vermirdim. Sonra dedim ki, zamanı gələndə o da olacaq. Sonra biz Rusiyanı üç dəfə udduq...  
 
- Bütün danışdıqlarınız maraqlıdır. Amma ağlımda hələ bir məqam var. Cəmi bir yerdə ananızın məzarını ziyarət elədiyinizi dediniz. Bütün üz cizgiləriniz dəyişdi... Anam yanımda olsaydı, dediyiniz məqamlar çoxmu olur?
- Bilirsiniz bu gec tez hamının həyatında yaşanacaq andır. Amma zamanından tez olanda çox dəhşətli hiss olur bu. Mən anamı itirəndə onun  46 yaşı vardı. Özüm çox gənc idim. Bəlkə də ondan sonra evlənməməyə qərar verdim. Bəlkə də onun ölümü evlənməməyimin səbəbidir. Mənim üçün anam evin dirəyi idi. Məncə bütün evlərdə dirək elə analardır. O, mənim dostum idi. Mənə çox kömək eləyirdi. Təhsilli və dünya görüşlü biri idi. İndi təsəvvür eləyin ki, gözləmədiyin bir məqamda o qədər vacib biri həyatından birdəfəlik çıxdı. Elə bil ki, böyük bir boşluq yarandı. Və mən o boşluğu hələ də doldura bilmirəm...
 
- Bəs atanız?
- Atam köhnə kişilərdən idi. O zamanlar “partşkola” vardı, oranı bitirmişdi, kommunist idi. Mənim voleybola gəlməyimi istəmirdi. İdmana dırnaqarası baxırdı. Amma çox ağıllı insan idi. İdmana gəlmək üçün israrımı anlamışdı və dəyərləndirdi. Bir müddət mübarizə apardı gördü yox, mən partiya, siyasətlə məşğul olan deyiləm. Sonra artıq etiraz eləmədi. Bu yaxınlarda itirdim onu. Bircə ayın içində baş verdi xəstəliyi də, ölümü də. Çox ağır gəldi mənə. Çünki o bir ayda çox ağrılar çəkdi.  O yaşda elə ağrılara dözmək dəhşətli bir şey idi. Bilirsinizmi, bütün ailələrdə belə hadisələr baş verə bilər. Nə qədər Allah uzaq eləsin, desək də, yenə xeyri yoxdur. Olacaq şeylər olur yəni. Və bu itkilərin psixoloji gərginliyindən əziyyətindən insanlar azı iki-üç il çıxa bilmirlər. Amma mənim işim elədir ki, bunlarla yaşaya-yaşaya həm də başqa işlərimi görməliyəm. Düzdür baş qarışır, zaman keçir, amma içində bir şey var ki, o qırılır və keçmir. Çox uzun müddətdən sonra bir az bərpa olunur amma tam sağalmır daha...
 
- Xəstəliyində yanında ola bildinizmi atanızın?
- Mən işlə bağlı səfərlərdə idim. Ailə qurmadığıma görə, ən çox mənimlə təması olurdu. O üzdən qardaşımdan tez-tez soruşurmuş məni. Faiq hanı? Faiq necə oldu? Qardaşıma deyirdim ki, bilsə ki, xaricdəyəm, uzaqdayam narahat olacaq, demə. Çünki belə idi o, narahat olurdu mən dönənə qədər.
 
- Bəs nə deyirdilər?
- Deyirdim deyin ona ki, bazarlıq eləmək üçün bazara getmişəm. Ona lazım olan şeyləri alıram. Evə gələ bilmirəm, göndərəcəm. Hələ işlərim çoxdur.  Başqa variant yox idi. Yəni mənə aid olan işləri başsız qoymaq qeyri-mümkündür. Hərdən özüm də danışırdım ki, o mənim, mən də onun səsini eşidim. Deyirdim de görüm ürəyin nə istəyir, nə alım sənə hələ bazardan çıxmamışam. Əslində isə, xaricə səfərdə idi. Nə deyim, Allah kimsəyə göstərməsin, çətin günlər idi.
 
- Bir sözlə yükünüz həmişə ağır olub...
- Yox, elə deməzdim. Əziz adamlar yük deyil. Amma məni düz başa düşün yaşım da az deyil, öz sözünü deyir yeri gələndə. Mənim özəl şəxsi işlərimdən başqa bir də qurub düzəltdiklərimiz var. Mən onları tamamlayıb, yaxşı təhvil verməliyəm gələcək nəslə. Ö üzdən uşaqlara deyirəm ki, siz çalışın, çalışın ki, bu yaradılan şəraitin qat-qat artığını əldə eləyə bilək. Mən onlara əngəl deyiləm,  bütün yolları açıqdır. İstəyirəm ki, üzüağ olaq. Bu da idman sahəsində ancaq yaxşı göstəricilər əldə eləməkdir. Bu yaxınlarda Oqtay müəllimi itirdik. O bizim üçün dəyərli bir mütəxəssis idi. Mənim də məşqçim olmuşdu. O cür kadrları əvəzləyəcək gənclər lazımdır.
 
(Ölüm, yorğunluq, nəyisə qoyub getmək. O bu sözləri danışanda üzünə çox diqqətlə baxırdım. Az qalırdım deyim ki, axı hələ çox tezdir. Elə bil anladı- J.M)
- İndi Allah eləsin mən çox yaşayım, bundan imtina eləmərəm. Amma məsələ onda deyil.  Məsələ ondadır ki, hər an gözləmədiyimiz şeylər də olur həyatda...
 
- Neçə yaşınız var?
- 56.
 
- Amma elə bil nəyəsə, ya da nəyəsə tələsirsiniz, pessimistsiniz, niyə bu qədər çox düşünürsünüz, yorğunluq, həyat, o dünya və sair haqda...
- Həyatım enişli yoxuşlu olub. Məşqçi kimdir? Udanda qalxan, uduzanda düşən, qınaq obyekti olan adam. Mənim xarakterim olub həmişə. Nə enəndə də, qalxanda da özümü itirməmişəm. Heç vaxt həyata təslim olmamışam. Amma bir ciddi məsələ var. Yaşlanıram. İstəmirəm arxamca mənfi fikirlər söylənilsin. Yaddaşlarda pis, işini bacarmayan, natamam qoyan biri kimi qalım.  
 
- Tək qalmaq qorxutmur ki?
- Tək qala bilirəm ki? Hərdən istəyirəm tək qalım. Amma alınmır, olmur. O qədər dost-tanış insan var ki ətrafda, tək qala bilmirəm.
 
- Mən o təkliyi demədim, insan olaraq tənhalığı nəzərdə tuturam...
- Artıq alışmışam...
 
- Bayaqdan ağlımda bir şey dolaşır, qoyun onu da soruşum. Dediniz ki, bəlkə də anamın ölümü ailə qurmamağıma səbəb oldu. Nə baş verdi ki?
- Heç nə, çox gərgin oldum, ruhdan düşdüm. Anam 1989-cü ildə dünyasını dəyişdi. Çempionat gedirdi. Ağır stress keçirdim. Heç özümdə deyildim. Çempionat başa çatdı. Bu da bir tarixi olaydır məncə, axırıncı SSRİ kubokunu biz qazandıq. Amma mən bunu sevincini yaşaya bilmirdim anamsız.  Ondan sonra çıxıb getdim Türkiyəyə. Həmişə düşünmüşəm ki, anam sağ olsaydı, yəqin ki, mənim mütləq ailəm olacaqdı. O məni evlənməyə məcbur eləyəcəkdi.  Mən də onun sözündən çıxmaycaqdım.
 
- Təkcə ananızın yox, həm də ailənizin olmamasının təəssüfünü yaşayırsınız kimi gəldi mənə... 
- Buraxdığım zamanın hər anında anam mənə ailə qur deyəcəkdi. Ümumiyyətlə, bilirsinizmi necədir? Həyat təsadüflərdən ibarətdir. Amma biz insanlar çox vaxt anlamırıq ki, elə hər şey də təsadüflərdən əmələ gəlir. Əslində təsadüfü görünən hər şey, həm də zəruri olandır. Mən indi öz həyatımı nəzərdən keçirəndə bunu daha dəqiq görürəm. Hər şey təsadüfən baş verib. Və sonradan anlaşılıb ki, əslində bu elə zəruri imiş sadəcə mən təsadüf bilmişəm. Mən indi çalışıram bizim qızlara da başa salım ki, hər şeyin zərurət olduğunu anlasınlar. Təsadüfən baş verən xoşagəlməzliklər belə zəruridir demək və ondan nəticə çıxarmaq vacibdir. Bir sözlə həyat təsadüfü zərurətdir.
 
- Tanrıya və alın yazısına necə, inanırsınızmı?
- Yüzdə-yüz.
 
- Səsinizi həmişə eşidibmi?
- Hə, həmişə. Elə anlar olub ki, başımı qaldırıb o kişidən nəsə istəmişəm, diləmişəm. İnanın ki, o olub. İllər öncə idi, Bolqarıstanda oynayırdıq. Demək olar ki, oyunu tam uduzurduq. Mən bunu qəbul edə bilmirdim. Elə bil o anda başımı qaldırıb o kişidən nəsə istədim. Və biz o oyunu udduq. Bolqarlar baş verənləri inana bilmirdilər.  Meydançada oturub ağlayırdılar. Mən gözlərimə inanmırdım. Qızlar da çaşıb qalmışdılar. Ağlamaq məni tutdu. İstəmədim qızlar görsün göz yaşımı. Toxtamaq lazım idi. Zaldan çıxdım ki, sakitləşim. Bir də Qubada belə bir şey oldu. Cənab prezident də oyunu ailəsi ilə izləyirdi. Uzun mübarizədən sonra biz udduq. Yəni dediyim odur ki, Allah mənim səsimi, dualarımı həmişə eşidib. Mən ondan çox razıyam.
 
- Çox olubmu ağladığınız?
- Yox elə çox olmayıb. Olanda da özümü tox tutmağa çalışmışam. Bilirsiniz, sizə bir söz deyim. O oyunu udduğumuz o 5-10 dəqiqənin  sevinci, həyəcanı hər şeyi unutdurur adama. Adam deyir ki, belə zövqə görə daha artıq əziyyətə qatlaşmaq da olardı. Mən bu zövqləri yaşadığıma görə həyatımdan məmnunam. Allaha da həmişə minnətdar olacam. Ona görə ki, hərdən o mənə imkan verib insanların yanında olum, onlara yaxşılıq eləmək. Əl tutmaq üçün məni seçib bəzən Allah. Bundan gözəl nə ola bilər ki?!.. Məni düzgün başa düşün birdən kimsə elə bilər ki, mən kiməsə maddi dəstəkdən filandan danışıram, qətiyyən belə deyil. Elə mənəvi çətinliklər var ki, maddiyyat onun yanında boş şeydir. Həmişə belə düşünmüşəm: Bu ölkə, bu millət, məni mən eləyib. Dövlət başçısı mənə özümü göstərməyə, ölkə üçün yaxşı işlər görməyə bütün şəraiti yaradıb.  Bir sözlə mən çox şey qazanmışam. Və qazanmaq sadəcə insana yaxşı yaşamaq imkanı vermir. Bu həm də insanın boynuna dövləti, milləti, ətrafında toplanan insanlarla bağlı ciddi məsuliyyət, öhdəlik qoyur. Mən bacardığım qədər həm də məsuliyyətli olmağa çalışmışam.
 
- Sənətin, peşənin bir zirvəsi olur. Və müəyyən mərhələdə düşünürsən ki, artıq getmək zamanıdır. Sizin üçün bu zaman nə vaxt ola bilər?
- Hələ getməmişəm. Səhhətinlə əlaqədar bir az uzaqlaşmışam. Mən oyuna çıxanda əməlli başlı stress keçirirəm. İki-uç dərman atmalı oluram. Bu qorxu deyil. Böyük təcrübə keçəndən sonra, heç nə qorxulu gəlmir. Udaram da, uduzaram da. Oyundur, idmandır. Kimsədən bu məsələdə qorxum yoxdur. Məşqçi gərək qorxmasın.
 
- Yəni qorxsanız gedərsiniz?
 - Hə, nə zaman hiss eləsəm ki, artıq qorxmağa başlayıram, bax bu qızları (oyunçuları göstərir- J.M) bezdirmişəm, onda gedərəm. Amma bir söz deyim, qorxum olmasa, qızları bezdirdiyimi hiss eləsəm, yenə gedəcəm. Adamları bezdirmək olmaz. Və deyim ki, məndən bezib, bunu gizlətmək də olmaz. Hissiyyatım çox güclüdür. Amma şükür ki, hələlik bunu hiss eləməmişəm...
 
SON: Bu adam işini, peşəsini sevir. Vətənə, torpağa millətə bağlı insandır. Nüfuzu, hörməti olan biridir. Bəlkə kimsə düşünəcək ki, niyə hamının bildiyi keyfiyyətləri bir-bir sadalayıram. Nə mənası var ki? Bu məqamda xırda bir haşiyə çıxıb böyük şairimiz Bəxtiyar Vahabzadənin də adını çəkməli olacağam. Adamlar var ki, adı çəkiləndə Azərbaycan yada düşür. Bəxtiyar Vahabzadə o kişilərdən idi. Amma anası yeganə varlıq idi ki, yanında adı çəkiləndə, çox qəribə olurdu. Ağlayırdı o boyda kişi. Yox, Faiq Qarayev mənim qarşımda ağlayıb eləmədi. Amma ağlamaqdan betər oldu. Hər dəfə anasının adı gələn yerlərdə üz cizgilərindən tutmuş, səsə tonuna qədər hər şey dəyişirdi. Və deməli kim olursan ol, nə qədər yüksəklərə qalxırsan qalx anaya həmişə ehtiyac var demək istədim... Bir də onun “anam olsaydı mən mütləq ailə qurardım” təəssüfü... Mən həmişə düşünmüşəm ki, gənc insanlar ailə quranda sevdikləri xanımları daha çox analarına bənzədirlər. Və mənə elə gəldi ki, Faiq Qarayev sadəcə anasına kiminsə bənzəməsindən, amma onun qədər ola bilməməsindən çəkinib sadəcə...
Nə deyək, bütün böyük kişilərin bir çəkindiyi yer var Faiq müəllim. Amma bu sizin vacib sima olmanızı heç zaman dəyişməz...    

 

Lent.az

 

XƏBƏR LENTİ