"Bakı" və "İqtisadçı"nın rəqibləri bilindi

Sayta qoyulub: 13:20 07.06.2012 (328 dəfə oxunub)

Bu gün Avropa Voleybol Konfederasiyasının (CEV) Lüksemburqdakı mənzil-qərargahında CEV kuboku və “Çelenc Cup”ın 2012/2013 mövsümünün püşkatma mərasimi keçirilib.  Azərbaycan klublarından “Bakı” və “İqtisadçı”nın qatılacağı avrokubokda rəqibləri bilinib. 

Belə ki, püşkün nəticəsinə əsasən CEV kubokunda debüt edəcək “Bakı” Sloveniyanın “Maribor” klubu ilə düşüb. İlk oyunu evdə keçirəcək komandamız mərhələ adlayacağı halda, “Rote Raben” (Almaniya) – “Minatori” (Albaniya) cütünün qalibi ilə üzləşəcək. 

“Çelenc Cup”da iştirakı gözlənilən “İqtisadçı” isə sonda CEV kubokuna qatılmağa qərar verib. Ancaq ardıcıl 2-ci dəfə analoji yarışda mübarizə aparacaq “universitet komandası”nın püşkdə bəxti gətirməyib. Belə ki, onların bəxtinə Hollandiyanın güclü klublarından sayılan “Sliedrext” düşüb. “Bakı” kimi rəqibini qəbul edəcək “İqtisadçı” mərhələ adlayarsa, daha çətin sınaq qarşısında qalacaq. Komandamıza “Yedinstvo” (Bosniya və Herseqovina) – “Omiçka” (Rusiya) cütünün qalibi rəqib olacaq. Yeri gəlmişkən, Omsk təmsilçisi az öncə Azərbaycan yığmasının hücumçusu Natalya Məmmədovanı transfer edib. 

Qeyd edək ki, hər 2 komandamız mübarizəyə ilk mərhələdən – 1/16 finaldan başlayacaq. Birinci oyunlar bu ilin oktyabrın 23-25-i, cavab matçları isə 1 həftə sonra keçiriləcək.
 

XƏBƏR LENTİ