Aliyə Qarayeva: "Bütün tapşırıqların öhdəsindən asanlıqla və inamla gəldim"

Sayta qoyulub: 19:03 07.06.2012 (262 dəfə oxunub)

Bədii gimnastika üzrə Azərbaycan yığması Nijni Novqorodda keçirilən Avropa çempionatında üç bürünc medal qazanıb.

Çempionatda əsas diqqət növbəti dəfə yüksək reytinqini təsdiqləyən komandanın lideri Aliyə Qarayaveya yönəlmişdi. Üstəlik o, ən nüfuzlu nominasiyada - çoxnövçülükdə bürünc medal qazanmaqla uğura nail olub.

- Aliyə, təbrik edirik. Bu, sadəcə əla çıxışdır. Onsuz da hər gün fəxri kürsüdə dayanmaq imkanı olmur.

- Əlbəttə, bu əladır, biz hamımız - mən, məşqçilərim, həkimlər və masajçılar birgə işləyirdik və bu medalı layiqincə qazandıq. Təmsil etdiyim federasiyanı da təbrik edirəm. Fikrimcə, biz buna layiqik.

- Sən buna həddən artıq layiqsən, özün gördün ki, zal səni necə dəstəkləyirdi!

- Xoş idi və bu, həqiqətən çox kömək edir! Azarkeşlərə çox təşəkkür edirəm. Zala daxil olanda mənə deyirdilər ki, "gördün sənin necə dəstək qrupun var?" Mən cavab verdim ki, "görmədim, amma təxmin edirəm". Mənə bildirdilər ki, "onlar barabanlarla dəstək verirlər və bayraqları bütün zal boyunca asıblar". Çox xoş idi.

- Sən müxtəlif şəhərlərdə yarışlarda olursan. Nijni Novqorod nə ilə yadda qaldı?

- Düzünü desəm, mən burada zal və mehmanxanadan başqa heç nə görmədim. Bununla belə, turnirdən öncə biz ardıcıl iki gün "Luna-park"a attraksionlara getdik. Oradakı həyəcan çempionatda yaşanan həyəcandan az deyildi.

- Hansı alətlə çıxış etmək daha çətin idi?

- İndiki proqramda olmayan iplə çıxış (gülür)! Ancaq düzünü desəm, bütün tapşırıqların öhdəsindən asanlıqla və inamla gəldim, yalnız sonda gürzlə hərkətlərdə bir az ehtiyatı əldən verdim. Sadəcə yaxşı çıxış etmək və öz işini görmək lazımdır.

- London Olimpiya Oyunlarına az müddət qalıb. Dumanlı Albiona hansı əhval-ruhiyyə ilə gedəcəksən?

- Hazırda özümə daha çox əminəm və düşünürəm ki, medallar uğrunda mübarizə apara biləcəyəm. Avropa çempionatındakı nəticə bunu bir daha təsdiq edir. Ümid edirəm ki, Londonda nəticəm bundan pis olmayacaq. Bunu çox istəyirəm və bunun üzərində işləyəcəyəm.

 

XƏBƏR LENTİ