Gənclərin Avropa çempionatında iştirak edəcək heyət müəyyənləşdi

Sayta qoyulub: 08:48 14.06.2012 (312 dəfə oxunub)

İyunun 19-24-də Xorvatiyanın paytaxtı Zaqrebdə gənc güləşçilər arasında Avropa çempionatı keçiriləcək. Çempionatda hər 3 güləş növü üzrə yığma komandalarımız da iştirak edəcək. Təlim-məşq toplantılarının yekununa əsasən, məşqçilər koprusu Zaqrebdə Azərbaycanın idman şərəfini qoruyacaq güləşçiləri müəyyənləşdiriblər.

Avropa çempionatının proqramına əsasən, iyunun 19-20-də sərbəst güləşçilər arasında ən güclülər müəyyənləşəcək. Böyük məşqçi Arif Abdullayev və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında Xorvatiyaya Ruslan Qasımov (50 kq), Qalib Əliyev (55 kq), Əhmədnəbi Qvarzatilov (60 kq), Bəxtiyar İsrafilli (66 kq), Elcan Usubzadə (74 kq), Pərviz Axundov (84 kq), Səid Həmidov (96 kq) və Əli Maqomedibirov (120 kq) yollanacaqlar.

Növbəti 2 gün, yəni iyunun 21-22-də gənc qızlarımız böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Arif Fərmanovun başçılığı altında Avropa çempionatının medalları uğrunda yarışacaqlar. Heyətə Hanna Pavliv (44 kq), Kəmalə Əliyeva (48 kq), Patimat Baqomedova (51 kq), Yarina Dubovska (55 kq), Fərəh Rəsulova (59 kq) və Darya Korin (67 kq) daxil edilib.

Avropa çempionatının son 2 günündə isə (23-24 iyun) yunan-Roma güləşçiləri döşək üzərinə çıxacaqlar. Böyük məşqçi İlqar Abdulov və məşqçi Akif Əliyev yığma komandanın heyətinə Murad Bazarov (50 kq), Sakit Quliyev (55 kq), Rövşən Tağıyev (60 kq), Ceyhun Əliyev (66 kq), Şamil Ertuqanov (74 kq), Fuad Əliyev (84 kq), Hacımurad Çöpsiyev (96 kq) və Zaur Mehrəliyevi (120 kq) daxil edib.

Beynəlxalq dərəcəli referi İntiqam Əliyev ölkəmizi hakim kimi Avropa birinciliyində təmsil edəcək.

XƏBƏR LENTİ