Boksçularımız son hazırlığı İtaliyada keçəcəklər

Sayta qoyulub: 18:10 22.06.2012 (173 dəfə oxunub)

Boks üzrə milli komandamız Qəbələdə təlim-məşq toplanışını davam etdirir.

 Türkiyə milli komandasından sonra Kuba və Bolqarıstan boksçuları da bura gələrək birgə toplanışda iştirak edirlər.

Şərqi avropalıların heyətinə London Olimpiadasına vəsiqə qazanmış 3 boksçu – Aleksandr Aleksandrov (49 kq), Detelin Dalakliyev (56 kq) və Tervel Pulev (91 kq) daxil edilib.

Sonuncunu azərbaycanlı idmansevərlər də yaxşı xatırlayırlar. Həmyerlimiz Teymur Məmmədov ötən il Ankarada keçirilən Avropa çempionatının finalında məhz Pulevi məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı. Kuba yığması isə Qəbələdə tam heyətlə (10 boksçu) məşq edir. Qeyd edək ki, boksçularımız iyulun 5-də İtaliyanın Assizi şəhərinə gedərək orada yerli komanda ilə birgə hazırlıq keçəcəklər.

Appenin yarımadasındakı məşqlər iyulun 25-ə kimi davam edəcək. Daha sonra isə olimpiyaçılarımız ilin əsas idman yarışı üçün Londona səfər edəcəklər. Olimpiadaya vəsiqə qazanmış yeganə qadın boksçumuz – Yelena Vıstropova (75 kq) hazırda Rusiyanın Kislavodsk şəhərində fiziki hazırlığını artırır.

Ayın 30-u Bakıya gələcək boksçumuz iyulun 9-da İngiltərə Boks Federasiyasının dəvəti ilə Şeffild şəhərinə yollanaraq, yerli idmançılarla hazırlıq keçəcək. Qeyd edək ki, Şefilddə Olimpiadaya lisenziya qazanmış digər ölkələrin bəzi qadın boksçularının da hazırlıq keçməsi gözlənilir.

İtaliyaya təlim-məşq toplanışına yollanacaq komandamızın heyəti:

Nəriman Abdullayev – Baş məşqçi

Rasim Məmmədov – Məşqçi

Elvin Məmişzadə (52 kq), Məhəmməd Abdulhəmidov (56 kq), Heybətulla Hacəliyev (64 kq), Soltan Migitinov (75 kq), Vətən Hüseynli (81 kq), Teymur Məmmədov (91 kq), Məhəmmədrəsul Məcidov (91+kq)

XƏBƏR LENTİ