FİFA-nın yeni canı

Sayta qoyulub: 21:23 04.03.2016 (285 dəfə oxunub)

FİFA-nın yeni canı

 

Cianni İnfantinonun FİFA-nın yeni prezidenti kimi ilk iş günündə  qurumun mənzil qərargahında ulduz veteranlar arasında maraqlı futbol matçı təşkil etməsi böyük marağa səbəb olmuşdu. Cianni FİFA-nın neçənçi prezidentidir? İndiyə kimi ümumilikdə ali futbol qurumunda neçə rəhbər olub və bu vəzifədə ən çox çalışan şəxs kim olub? 

 

Tərkibinə 209 milli futbol assosiasiyasının daxil olduğu FİFA 1904-cü ilin mayın 21-də yaranıb. Ali futbol qurumunun mənzil qərargahı  İsveçrənin Sürix şəhərində yerləşir. FİFA-nın rəhbərliyi ilə əsasən futbol, futzal və çimərlik futbolu üzrə dünya miqyaslı yarışlar təşkil olunur. Bunlar arasında ən mötəbəri hər 4 ildən 1 təşkil olunan dünya çempionatıdır. Bundan başqa qadınlar, yeniyetmə və gənclər arasında da anoloji turnirlər, konfederasiyalar kuboku uğrunda turnir, həmçinin klublararası dünya çempionatı da FİFA-nın rəhbərliyi altında keçirilir. FİFA-nın indiyə kimi 8 rəhbəri olub. Fevralın 26-da prezidentliyi rəsmiləşən Cianni İnfantino bu vəzifədə artıq 9-cu şəxsdir. Qurumun ilk rəhbəri 1904-cü ildə seçilən fransız Rober Qeren olub. o cəmi 2 il bu vəzisədə işləyib. Onun xələfi böyük britaniyalı Deniel Vulfollun prezidentliyi 12 il çəkib. 1-ci dünya müharibəsinin fəsadları təbii ki, FİFA-nın da idarəçiliyinə təsirini göstərib. Belə ki, 1918-ci ildən 1921-ci ilə qədər qurumun fəaliyyəti demək olar ki, dayanıb və bu müddətdə rəsmi prezident də olmayıb. FİFA-nın hələ ki, ən uzunömürlü rəhbəri isə növbəti dönəmdə qeydə alınıb. 1921-ci ildə ali futbol qurumuna prezident təyin olunan fransalı Jül Rime 33 il bu vəzifədə çalışıb. Bu da hələ ki, rekord göstəricidir. Futbolun dünyada digər idman növləri arasında daha çox sevilməsində məhz Jül Rimenin böyük rolu olub desək yəqin ki, yanılmarıq. Ən azı ona görə ki, futbolsevərlərin çoxdan gözlədiyi futbol üzrə dünya çempionatı ilk dəfə  fransız rəhbərin dövründə təşkil olunub. Elə onun adı ilə fəxri mükafat qızıl ilahə Nike Jül Rime kuboku adlandırılıb. 1930-cu ildə Uruqvay komandasının, 4 il sonrakı dünya çempionatında isə İtaliya millisinin qalib gəlməsi okeanın hər iki  tayında futbolun  daha da sevilməsinə, inkişafına bir təkan oldu. 1954-cü ildən 1955-ci ilə qədər FİFA-da Rudolf Vilyam Seldreyers işləyib ki, o da hələlik qurumun ilk belçikalı rəhbəri kimi tarixə düşüb. Növbəti 2 dönəmdə isə ardıcıl olaraq britaniyalı 2 şəxs FİFA-da ali səlahiyyətləri icra edib. Artur Dyuri 1955-1961, Stenli Rouz isə 1961-1974-cü illərdə FİFA prezidenti olub. Stenli Rouz da özünəməxsus dəyişiklikləri ilə dünya futboluna töhfəsini verib. Onun dövrü  braziliyalıların qələbələrilə əlamətdar olub. 1958, 1962-ci illərdə dünya çempionluğundan sonra 1970-ci ildə də mundialın ən güclüsü olan sambaçılar qızıl ilahə nikeni əbədi öz ölkələrinə aparıblar. Bundan sonra isə qızıl ilahə nike dünya kuboku ilə əvəz edilib. 1974-cü ildən -1998-ci ilə qədər quruma ilk dəfə olaraq braziliyalı rəhbər təyin olunub. Söhbət məşhur Joao Avelanjdan gedir. Futbolun idman növlərinin şahı hesab olunmasında Avelanjın xüsusi rolu olub. Dünya çempionatlarının final mərhələsinin iştirakçılarının sayının 16-dan  24-ə çatdırılması  məhz Joaonun əməyidir. Eyni zamanda futbolun populyarlaşmasında və daha  romantik xarakter almasında Avelanjın xidmətləri əvəzsizdir. Onun istefasından sonra isə bu postu isveçrədən olan Zepp Blatter tutdu. Doğrudur, futbolun  inkişafında onun da əməyi danılmazdır. Dünya çempionatı finalçılarının sayını  32-yə çatdıran Blatter futbolun daha da kütləviləşməsinə, sevilməsinə imkan yaradıb. Bununla belə onun fəaliyyətində müəyyən qaranlıq məqamlar vardı. 2015-ci il iyunun 2-də məlum qalmaqallara görə Blatter  istefa ərizəsini yazaraq, tutduğu vəzifədən gedib. 2015-ci ilin noyabrın 12-də yeni prezident seçkilərində iştirak etmək üçün 5 şəxs namizədliyini irəli sürüb. 1 həftə əvvəl isə səsvermənin nəticələrinə görə Cianni İnfantino quruma yeni prezident təyin olunub. O ən yaxın izləyicisi şeyx salman ibn İbrahim Əl Xəlifəni 27 səs qabaqlayıb. Italyan əsilli isveçrəli İnfantino ixtisasca hüquqşünas olsa da, uzun illərdir ki, futboldadır. Bir neçə dildə sərbəst danışan 45 yaşlı Cianni, UEFA-dakı vəzəfəsinə qədər bir müddət Beynəlxalq idman araşdırmaları mərkəzində baş katib işləyib. Bundan sonra isə müvafiq olaraq müxtəlif futbol təşkilatlarında məsləhətçi, Avropa futbol ittifaqında hüquq və maliyyə məsələləri üzrə mütəxəssis kimi çalışan İnfantino 2009-cu il oktyabrın 1-dən UEFA baş katibi vəzifəsində fəaliyyət göstərib. Onun FİFA prezidenti kimi nə qədər uğurlu olub-olmadığını isə yaxın gələcəkdə görəcəyik.


FİFA-nın yeni canı

XƏBƏR LENTİ