“US Open”in yarımfinalçısı Bakıya gəlir

Sayta qoyulub: 06:58 11.07.2012 (136 dəfə oxunub)

Azərbaycan Tennis Federasiyasının baş katibi İlham Quliyevin Lent.az-a verdiyi məlumata görə, 8 gün davam edəcək yarışda qadınlar 64 fərdi və 32 qoşa mübarizələrə qatılacaqlar.

Bakı Tennis Akademiyasında sayca ikinci dəfə təşkil olunacaq turnirin mükafat fondu yenə 220 min dollardır. Amma ötən ilə nəzərən, iştirakçılar arasında məşhur və reytinqli tennisçilərin sayı az olacaq. Quliyevin fikrincə, bu, qarşıdakı turnirin iyulun 27-də start götürəcək 2012-ci il London Yay Olimpiya Oyunları ərəfəsinə təsadüf etməsi ilə əlaqədardır: “Hazırda məşhur tennisçilər olimpiadaya hazırlaşırlar. “Baku Cup” zamanı onlar Londonda olacaqlar. Bu səbəbdən, bir çox məşhur tennisçi budəfəki turnirimizə qatıla bilmədi”.

Bununla belə, II “Baku Cup” turnirində Anna Çakvetadze, Kseniya Pervak və Anna Tatişvili kimi tanınmış tennisçilər çıxış edəcəklər. Ötənilki turnirin finalında rusiyalı Vera Zvonaryovaya uduzmuş qazaxıstanlı Pervak Qadın Tennisçilər Assosiasiyasının (WTA) iyulun 9-da açıqladığı son reytinq siyahısında 1200 xalla 53-54-cü yerləri bölüşdürür. Hazırda 832 xalla 76-cı pillədə qərarlaşan gürcüstanlı Tatişvili də ikinci dəfə Bakıya gələcək. O, ötənilki turnirdə ¼ finaladək irəliləyib. Rusiyada doğulmuş Çakvetadze isə hazırda 162 xalla 308-ci pillədə olsa da, vaxtilə böyük nailiyyətlər əldə edib. O, 2007-ci ildə “Böyük dəbilqə” seriyasından “US Open” turnirinin yarımfinalınadək və WTA reytinqində 5-ci pilləyədək irəliləyə bilib. 25 yaşlı tennisçi Bakıya ilk dəfə gələcək.

Qeyd edək ki, 2012-ci il London Yay Olimpiya Oyunlarında olduğu kimi sərt örtükdə keçiriləcək “Baku Cup”da Azərbaycanı Kamilla Fərhad təmsil edəcək.

XƏBƏR LENTİ