Sərbəst güləşçilərimizdən Avropa çempionatında 8 medal

Sayta qoyulub: 13:09 19.07.2012 (285 dəfə oxunub)

 

Polşanın Katovitse şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatında sərbəst güləş yarışları başa çatıb. 2-ci yarış günü Azərbaycan pəhləvanları daha bir dəst medal qazanıblar. 63 kq çəki dərəcəsində çıxış edən Ənvərbəy Dalqatov İsrail, Latviya və Ukrayna güləşçilərini məğlub edərək finala çıxıb, həlledici görüşdə isə Bolqarıstan təmçilçisi üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 76 kq çəkidə Məhəmmədhacı Muxutov Ukrayna, Moldova, Gürcüstan və Türkiyə nümayəndələrinə qalib gəlib, qızıl medal uğrunda görüşdə isə Rusiya güləşçisinə uduzaraq 2-ci olub. 54 kq çəkili pəhləvanımız Elçin Vəliyev isə medal kolleksiyamıza bürünc əlavə edib. Xatırladaq ki, sərbəst güləş yarışlarının ilk günü 5 sərbəst güləşçimiz döşək üzərinə çıxıb ki, onların da hamısı medal qazanıb. 50 kq-da çıxış edən Ruslan Surxayev finalda türkiyəli rəqibinə qalib gələrək Avropa çempionu olub. 42 kq-da Coşğun Məmmədov, 58-də Cahid Həsənzadə və 85-də Çermen Baqayev yalnız finalda uduzaraq gümüş medal qazanıb. 69 kiloqramda yarışan Şamil Sadullayev isə bürünc medala yiyələnib. 

Beləliklə, qazanılan 2 qızıl, 4 gümüş və 2 bürünc medal sayəsində Azərbaycan yığması komanda hesabında Rusiya ilə birgə 78 xal toplasa da, qızıl medalların sayına görə Rusiya 1-ci, Azərbaycan 2-ci olub. İlk üçlüyü 48 xalla Ukrayna tamamlayıb. Bu gün Avropa çempionatında yeniyetmə qızlar mübarizəyə başlayır.

 

XƏBƏR LENTİ