Yunan-Roma güləşçilərimiz Avropa çempionatından 6 medalla qayıdır

Sayta qoyulub: 08:53 23.07.2012 (176 dəfə oxunub)

Polşanın Katovitse şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatına yekun vurulub. Son yarış günü yunan-Roma növündə daha 5 çəkidə qaliblər müəyyənləşib.

76 kq çəki dərəcəsində çıxış edən güləşçimiz İslam Abbasov Rusiya, Ermənistan, Bolqarıstan və Türkiyə güləşçilərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

46 və 54 kq çəkilərdəki təmsilçilərimiz isə qızıl medala çox yaxın olsalar da, yekunda 2-ci yerlə kifayətləniblər. Ardıcıl 4 görüşdə qələbə qazanan Mikayıl Rəhmanov (46 kq) finalda Gürcüstan, 3 görüşdə döşəyi qalib tərk edən Kərim Cəfərov (54 kq) isə həlledici qarşılaşmada Rusiya idmançısına uduzub.

63 kq çəki dərəcəsində yarışan Ruhin Mikayılov isə medal kolleksiyamıza bürünc əlavə edib.

Xatırladaq ki, yunan-Roma güləşçilərinin ilk yarış günü Murad Məmmədov (58 kq) gümüş, Sənan Süleymanov (42 kq) isə bürünc medal əldə etmişdi.

Komanda hesabında Azərbaycan 64 xalla 3-cü yeri tutub. Birinci yerə isə 67 xalla Gürcüstan millisi layiq görülüb.

XƏBƏR LENTİ