Kukesi-Qarabağ. TV yayım problemi

Sayta qoyulub: 12:18 25.07.2018 (241 dəfə oxunub)

Kukesi-Qarabağ. TV yayım problemi

 

“Qarabağ”ın Çempionlar Liqasında “Kukesi” ilə Albaniyadakı bugünkü oyunu yayımlanmayacaq. Hələlik vəziyyət bu yerdədir.


Bu ana olan məlumata əsasən, Albaniya tərəfi matçın yayımı üçün Azərbaycan kanallarından 10 min avroya qədər pul tələb edib. Amma kanallardan heç biri bu qədər pulu ödəmək gücündə olmadığını açıqlayıb.


Digər məlumata görə, “Qarabağ” klubunun özü də yayım üçün pul ödəmək niyyətində deyil. Klub hesab edir ki, komandanın oyununa və yüzminlərlə azarkeşin marağını nəzərə alaraq yerli kanallar özü matçın yayımı üçün pul ödəməlidir.


Vəziyyətin belə həddə gəlib çatmasının səbəbi isə ölkədəki reklam bazarının demək olar ki, sıfıra bərabər olmasındadır. Belə ki, bu qədər məbləği (20 min manat) bir oyunun yayımından çıxarmaq mümkün deyil. Bu isə TV kanalların ziyana düşməsi deməkdir. Nəzərə almaq lazımdır ki, ölkəmizdəki televiziya kanalları büdcədən maliyyələşdirilir. Onlar da verilən pulu hara xərcləyəcəklərini əvvəlcədən hesablayırlar.

 

Manatın devalvasiyaya uğraması isə bilavasitə kanallara böyük ziyan vurub. Xüsusilə də idman kanalları (İdman TV , CBS sport) ən çox əziyyətə məruz qalıb. Belə ki, bütün beynəlxalq yarışlar avroyla satıldığından bu bilavasitə büdcədən yarıbayarı aşağı düşməsi deməkdir. Həm də beynəlxalq yarışların yayım hüquqları bir neçə il əvvəlcədən imzalanır. Yəni elə çempionatlar və yarışlar var ki, onların yayım hüququ əldə edilərkən qiymət manatla 2 dəfə aşağı idi. Bu da kanalları bir qədər də qənaət rejiminə keçməyi məcbur edib.

 

Əlavə edək ki, hazırda Çempionlar liqası və Avroliqanın yayım hüququ heç bir kanala məxsus deyil. AZTV-nin bu hüquqa sahib çıxdığı müddət ötən mövsümün sonunda bitib. Hələlik ölkəmizdə bu yarışların hansı kanal tərəfindən göstəriləcəyi məlum deyil. Hətta ola bilsin ki, uzun fasilədən sonra yenidən Azərbaycan azarkeşi ÇL və AL-sız qalsın.

 

O ki, qaldı Qarabağın bu gün keçiriləcək qarşılaşmasına, yuxarıda yazılanlar vəziyyəti bir qədər də çətinləşdirir. Ötən il ÇL-nın qrup mərhələsinə düşməklə klub beynəlxalq arenada nüfuzunu xeyli artırdı. İlk dəfə idi ki, Azərbaycan futbolunda bir klub maliyyə baxımından desək ili mənfəətlə başa vurdu. Ötən il klubun qazandığı 35 milyona yaxın məbləğ büdcədən xeyli artıqdır. Rəsmi məlumata görə keçən il Qarabağ klubunun gəliri Azərsunun illik qazancından (27 milyon) çox olub. Bu mövsümdən etibarən UEFA ÇL-in büdcəsini və mükafatları bir qədər də artırıb. Artıq qrup mərhələsinə düşməsə belə , yəni yeni hesablamalara görə 4-cü mərhələdə məğlub olsa belə klubun büdcəsinə 10 milyon daxil olacaq. Bu da yenidən Qarabağın ili mənfəətlə bitirməsinə şərait yaratmalıdır.

 

Ancaq buna qədər hələ ki, Kukesi səddini keçmək lazımdır. Püşkatmaya da nəzər salsaq Ağdam klubunun bəxtinin gətirdiyini görərik. Həm Kukesi , həm də bundan sonra BATE-HİK cütünün qalibi düşə biləcək digər rəqiblərlə müqayisədə zəif görünür. Ümid edirik ki, Qarabağ yolunu davam etdirəcək və bu keçilən yolu Azərbaycan xalqı görə biləcək. Heç kimin görmədiyi və xəbəri olmadığı qələbənin dadı da bir qədər az olur.

XƏBƏR LENTİ