“Hələ heç nə itirilməyib”

Sayta qoyulub: 01:05 20.03.2012 (222 dəfə oxunub)

“İnter”in çexiyalı yarımmüdafiəçisi Bronislav Çervenka klubunun saytına müsahibəsində “Neftçi” və Premyer Liqanın növbəti turunda “Qəbələ” ilə keçiriləcək oyun barədə danışıb.

- “Neftçi” ilə oyun çox çətin alındı. Təəssüf ki, komanda məğlub oldu. Biz meydana yalnız qələbə üçün çıxmışdıq, lakin heç-heç də bizim üçün pis nəticə olmazdı. Axı o halda, “Neftçi”ni turnir cədvəlində irəliyə buraxmazdıq və aramızda bir xal fərqi qalardı. Təəssüf ki, alınmadı və fərq 4 xala çatdı.

- İkinci hissədə “İnter” rəqibə heç bir cəhətdən uduzmadı, amma bununla belə, standart vəziyyətdən qol buraxdı…
- Bu qarşılaşmanın taleyini standart vəziyyətlər həll etdi. Rəqib cərimə zərbəsini yetirmək hüququ qazandı və ondan istifadə etdi. Futbolçu qapıya birbaşa zərbə endirmək qərarı aldı və onun zərbəsi əla alındı.

- Məğlubiyyət “Neftçi” ilə xal fərqini 4-ə çatdırdı. 3 və 4-cü yerlərdə qərarlaşan komandalar da “İnter”i yaxından təqib edirlər…
- Qarşıda hələ 8 tur var və “Neftçi”yə çatmağa çalışacağıq. Hər oyuna qələbə ardınca çıxırıq. Bizə xal toplamaq lazımdır. Əminəm ki, hələ heç nə itirilməyib və biz çempionatda intriqanı saxlamağa çalışacağıq.

- Bu, “İnter”in son 8 gündə artıq 3-cü oyunu idi. Belə sərt qrafikdə oynamaq çətin deyil ki?
- İlk “altılığ”ın bütün komandaları belə qrafikdə oynayırlar. Biz belə şərtlərə alışmışıq, əlbəttə, belə ritmdə oynamaq çətindir. Lakin düşünürəm ki, biz iki cəbhədə mübarizə apara bilərik.

- Artıq şənbə günü “İnter”i səfərdə “Qəbələ” ilə çətin oyun gözləyir. Rəqib komanda və qarşıdakı oyun barədə nə fikirləşirsiniz?
- Son zamanlar “Qəbələ”nin matçlarını izləmək imkanım olub və demək istərdim ki, bu komanda kifayət qədər maraqlı futbol sərgiləyir. Bir sözlə, Qəbələdə çox çətin qarşılaşma olacaq. Özümüzü yaxşı tərəfdən göstərməyə çalışacağıq.

XƏBƏR LENTİ