“Guya fotoaparatını əlindən alıb, onu vurmuşam”

Sayta qoyulub: 01:08 20.03.2012 (257 dəfə oxunub)

Azərbaycan futzal yığmasının oyunçusu Rizvan Fərzəliyevin  müsahibəsi

- UEFA Avropa çempionatının final mərhələsində keçirilmiş Azərbaycan – Serbiya oyununda hərəkətinizə görə sizi 3 oyunluq cəzalandırıb. Bunu necə qarşıladınız?
- Qərarı çox ədalətsiz sayıram. Çünki məni heç nədən 3 oyunluq cəzalandırdılar.

- Qərarda belə göstərilib ki, siz həmin matçın rəsmi şəxsinə qarşı aqressiv davranmısınız...
- Ümumiyyətlə, Serbiya ilə oyunda bizə qarşı çox sərt davrandılar. Bu qərarla bizə qarşı şəxsi qərəzlik oldu.

- UEFA-nın yığmamıza qarşı şəxsi qərəzliyi nə ilə bağlı ola bilər?
- Çünki məni etmədiyim hərəkətə görə cəzalandırdılar. Mən final fiti səslənən kimi rəqib oyunçularla, hakimlərlə görüşürdüm. Bu zaman UEFA nümayəndəsi fotoaparatla çəkirdi və mən sadəcə, əlimlə onun kamerasının qarşısına uzatdım. İstəmədim ki, çəksin. O isə UEFA-ya raportunda yazıb ki, guya fotoaparatını əlindən almışam, onu vurmuşam. Bu da doğru deyil. Mən ondan 1-2 metr aralıda idim. Bu zaman aparatı UEFA rəsmisinin əlindən necə ala bilərəm? Hesab edirəm ki, çox haqsızlıqdır. Ağlıma da gəlməzdi ki, belə qərar çıxarılar. Mən oyun zamanı meydanda sərt davranmamışam, intizamsızlıq etməmişəm. Elə isə oyundan sonra bunu niyə edim ki?

- Cəza üzündən pley-off mərhələsində Rusiya yığması ilə hər 2 oyunu buraxmalı olacaqsınız...
- Təbii ki, milli komandamı çətin vəziyyətdə qoymaq istəməzdim və belə olmağına görə üzülürəm. Çünki milli komandamızın dünya çempionatının final mərhələsinə vəsiqə qazanmağına kömək etmək istərdim. Ancaq UEFA-nın qərarı buna imkan verməyəcək.

- Onsuz da rəqib güclü olduğundan, bizə çətin olacaq. Sizin də oynamamağınız əlavə problem yaradacaq. Sizcə, yoxluğunuzda milli komandamız final mərhələsinə yüksələ biləcəkmi?
- Hər oyunçunun yerini doldurmaq çətindir. Mən isə sırf müdafiəyə meylli oyunçu olduğumdan, daha çətin olacaq. Çünki bizdə oyunçular əsasən hücuma meyllidirlər. Ancaq mən yığmamıza inanıram. Düşərgədə olub, yığmamızı martın 27-də Bakıdakı oyunda mənəvi dəstəkləyəcəyəm. Aprelin 9-da Tümendə keçiriləcək cavab matçında oynamayacağımdan, səfərə yollanmayacağam.

XƏBƏR LENTİ