Futbolçularımızın Novruz bayramı haqqında xatırələri

Sayta qoyulub: 12:32 20.03.2012 (249 dəfə oxunub)



* Mahmud Qurbanov (Azərbaycan millisinin sabiq üzvü): “Mənim uşaqlıq illərim Gəncədə keçib. Gəncə şəhər statusu daşısa da, biz hündürmərtəbəli binada yaşasaq da, qonşularımızı tanıyırdıq. Mehribançılıq vardı. Açığı, indi qonşularımın çoxunu tanımıram. Amma səmimi deyəcəm, uşaqlıqdan belə şeyə marağım olmayıb. Kiməsə qəribə gələ bilər, amma mən heç kimin qapısına papaq atmamışam. Əlbəttə ki, Novruz bayramını qeyd edirəm. Qapımıza papaq atan çox olur. Demək olar ki, qapı açıb-örtməklə məşğul oluram. Maraqlı bayram keçiririk”.



* Qurban Qurbanov (“Qarabağ” klubunun baş məşqçisi): “Əlbəttə ki, bütün bayramlarımıza hörmətlə yanaşıram. Bizim vaxtımızda keçirilən bayramlarla indikilər arasında fərqlər çoxdur. Bəlkə də, kiminsə qapısına papaq atmışam, amma bununla bağlı konkret xatirəm yoxdur. Hər kəsi təbrik edirəm”.



* Ruslan Əmircanov (“Neftçi” klubunun futbolçusu): “Novruz mənim ən sevdiyim bayramlardan biridir. Bayramın gəlişi məni çox sevindirir. Uşaqlıq illərim Mingəçevirdə keçib. Elə bir şey olar ki, mən kiminsə qapısına papaq atmayım? Hətta 3 rəngdə papağım vardı. Bir qapıya fasilələrlə 3 dəfə atırdım. Necə deyərlər bir dəfəyə ilin azuqəsini toplayırdım. İnanırsan, evə də qoymurdular. Mən də yığdıqlarımı uşaqlar arasında bölürdüm. Məhəllədə çay dəmləyib, səhərə qədər yeyib-içirdik. Maraqlı günlər idi. Lap uşaq olmaq istədim. Digər bir xatirəm də var. Bir dəfə tonqalın üstündən hoppananda qarşıdan gələn adamla toqquşdum. Gözümün altının “fanarı” 10 günə ancaq çəkildi”.



* Əfran İsmayılov (Azərbaycan milli komandasının “Qarabağ” klubunun üzvü): “Açığı, həmişə futbolçu olmaq barədə düşünmüşəm. Bayramlara elə də ciddi marağım olmayıb. Buna rəğmən, hər bir insan kimi mənim də Novruz bayramı ilə bağlı xatirələrim var. Adi şeylərdir”.



* Aqil Nəbiyev (Azərbaycan yığmasının üzvü, AZAL-ın kapitanı): “Mən bayramları təmtəraqlı keçirməyi xoşlamıram. Həddindən çox şadlanmaq mənim xasiyyətimdə yoxdur. Sadəcə olaraq, bir gün kimi yaşayıram. Tam dəqiq deyə bilmərəm ki, kiminsə qapısına papaq atmışam, ya yox”.



* Vidadi Rzayev (AZərbaycan milli komandasının və “Neftçi”nin sabiq üzvü): "Mənim həmişə olduğu kimi xatirələrim yenə çoxdur. Novruz bayramı ilə bağlı ən yadda qalan hadisə Soçidə təlim-məşq toplanışı zamanı baş vermişdi. Biz Novruz ərəfəsində “Neftçi” ilə səfərə getmişdik. O vaxt komandanın baş məşqçisi Ağasəlim Mircavadov rəisi isə Çingiz İsmayılov idi. Bayram günü Soçidə, mərkəzi parkda tonqal qaladıq. Polislər dərhal töküldülər ki, siz neynirsiz, yığışdırın bunu! Amma biz onlara başa saldıq ki, bu bizim milli adət-ənənəmizdir. Çingiz və Ağasəlim müəllimin işə qarşışmasından sonra biz istədiyimizi elədik. Hətta Soçi polisi də yandırdığımız tonqalı söndürə bilmədi. Papaq atmaq da mənə zövq verib. Xanlarda qapısını döymədiyim ev qalmayıb".

XƏBƏR LENTİ