Yunis Hüseynov:Razı qaldığım nəsə oldu ki?

Sayta qoyulub: 17:33 20.03.2012 (218 dəfə oxunub)

 

“Xəzər Lənkəran”ın yeni baş məşqçisi Yunis Hüseynov Unibank Premyer Liqanın 24-cü turunun “Bakı”ya qarşı dünən keçirilmiş oyunundakı məğlubiyyətlə əlaqədar geniş açıqlama verib. Cənub klubunda debüt oyununa çıxan Hüseynov matç və komandayla bağlı bunları deyib.

«BAKI»YLA OYUN HAQDA

«Bu, mənim «Xəzər Lənkəran»da ilk oyunum idi. Çox arzulayırdım ki, qəbələ qazanım. Komandaya gəldiyim iki gün ərzində futbolçuları dərindən öyrənə bilməmişdim. «Bakı» yaxşı oynadı. Bunun da səbəbi o idi ki, bizim futbolçularımız zəif çıxış etdilər. Qarşıdakı oyunlara yaxşı hazırlaşıb qələbə qazanmalıyıq».

FUTBOLÇULAR HAQDA

«Xəzər Lənkəran»ın bəzi futbolçularını tanımırdım. Qarşıdakı oyunlarda heyətdə dəyişiklik olacaq. Bu gün fiziki cəhətdən də çatdırmadılar».
 
UDUZMASI HAQDA

«Həqiqətən də məğlubiyyətə görə pis sarsıntı keçirdim. Bilirsiniz ki, 1 il 8 ay idi ki, işləmirdim. Ona görə qələbə qazanmağı çox istəyirdim».

AZARKEŞLƏRƏ VƏDİ

«Komandanı düzəldəcəyik. Azarkeşlər buna əmin olsunlar. Təzə məşqçi gələndə hər bir futbolçu özünü yaxşı tərəfdən göstərməyə çalışır. Bəziləri bunu çox istədiyi üçün oyunları alınmadı. Ola bilsin ki, «Bakı»ya məğlubiyyətdə bu amil lə rol oynadı. Bundan sonra «Neftçi»ylə oyuna ciddi hazırlaşmılıyıq».

QOL İMKANLARI HAQDA

«Yaratdığımız qol imkanları məni qane eləmədi. «Bakı»yla matçda qol imkanlarımız az oldu. Ona görə də mən bunları qol imkanı saymıram. Əgər həddindən artıq olsaydı, o zaman bunları qol imkanı hesab etmək olardı».

NƏDƏN RAZI QALIB?

«Razı qaldığım nəsə oldu ki? Yalnız bir-iki futbolçudan razı qaldım ki, onların da adlarını açıqlamaq istəmirəm. Çalışacağıq ki, komandanı növbəti oyunlara yaxşı hazırlayaq. Gələcək oyunların hamısı ağır olacaq. Bu gün komandanı yaxından tanıdım. İki gün idi gəlmişdim deyə, komandanı yalnız bir məşqdə görə bildim. Razılaşın ki, belə qısa vaxtda futbolçuları yaxından tanımaq çətindir. Amma inanıram ki, komandanı düzəldəcəyik. Sadəcə, vaxt lazımdı».

İSTEFA ŞÜARI HAQDA

«Mən burada məsuliyyəti öz üzərimə götürmüşəm və inanıram ki, işimizin öhdəsindən gələcəyik. Qarşıdakı 2-3 matçda zəif oynaya bilərik. Amma azarkeşlər əmin olsunlar ki, onlar başqa bir «Xəzər Lənkəran» görəcəklər. Buna isə vaxt lazımdı. Hər şey birdən olmur. Azarkeşlərin bu gün istefa qışqırması açığı, mənə xoş gəlmədi».

«XƏZƏR LƏNKƏRAN»DA QRUPLAŞMA VAR?

«Mən olan yerdə qruplaşma mümkün deyil. Komandada qruplaşmanın olduğuna inanmıram. Məşqdə və futbolçularla iki gün etdiyim söhbətlər zamanı mən bunu hiss etmədim».

KİM ÇEMPİON OLACAQ?

«Real danışsaq, ilk «altılıq»dakı bütün komandaların çempionluq şansı var. Çünki hər cür nəticə qeydə alınır. Mən şəxsən «Bakı»ya uduzacağımızı gözləmirdim. Amma uduzduq».

XƏBƏR LENTİ