Zeynal Məmmədov: “Biz kubokda da varıq və sona qədər mübarizə aparacağıq”

Sayta qoyulub: 17:52 20.03.2012 (240 dəfə oxunub)

 Premyer Liqada XXIV turun oyunları çərçivəsində baş tutan “Xəzər Lənkəran” – “Bakı” matçından (0:1) sonra “Bakı”nın vitse-prezidenti Zeynal Məmmədov fikirlərini bildirib: “Xəzər Lənkəran”la oyunda komandamız həqiqətən yaxşı təsir bağışladı. Komanda üçün qələbə vacib idi və uşaqlar bunu bacardı. Bu qələbədə keçmiş baş məşqçimiz Aleksandr Starkovun da payı var, çünki komandanı o hazırlamışdı. Bu mənada onun əməyini yerə vurmaq lazım deyil.
Hər məşqçinin öz oyun taktikası var. Görünür ki, yeni məşqçimiz Novruz Əzimovun komandanı meydana çıxardığı taktika və onun oyun fikirləri işə yaradı. Burada bir şey də var ki, futbolçular da utanırdılar. Utandılar ki, Starkov onlara görə komandadan getdi. Bunu başa düşərək öz bacarıqlarını ortaya qoydular. Amma görünən odur ki, komandanın oyununda dəyişiklik var və bu, yüksələn xətt ilə inkişaf edir. Qarşıda hələ 8 oyun var və bu, 24 xal deməkdir. Buna görə də, medallar uğrunda mübarizəmiz davam edir. Düzdü, çempionluq şansı real görünmür, amma heç kim düşünməsin ki, “Bakı” asan təslim olacaq. Biz kubokda da varıq və sona qədər mübarizə aparacağıq”.
Zeynal müəllim hazırkı məşqçi Novruz Əzimovun “Bakı”dakı gələcək taleyinə də aydınlıq gətirib: “Novruz Əzimovun işi öz bəhrəsini verməkdədir. “İnter”ə uduzsaq da, həmin oyunda komandada böyük itkilər vardı. Demək olar ki, heç oynamaq üçün heyət düzəlmirdi. Daha sonra kubokda AZAL-ı udduq, dünən isə səfərdə “Xəzər Lənkəran”ı üstələdik. Hələ qarşıda 8 oyun var, hər şey də Novruz Əzimovun özündən aslı olacaq. Əgər komanda onun rəhbərliyi altında öz oyununu göstərə bilsə, Əzimov yeni mövsümdən də komandanın başında olacaq. Yəni başqa məşqçi gətirməyəcəyik”.

XƏBƏR LENTİ