Yeniyetmə və gənc güləşçilər mükafatlandırıldı

Sayta qoyulub: 09:59 20.10.2012 (145 dəfə oxunub)

 

Bu gün “Sərhədçi” Olimpiya İdman Mərkəzində ölkəmizi Avropa və Dünya çempionatlarında uğurla təmsil etmiş yeniyetmə və gənc güləşçilərin mükafatlandırılma mərasimi keçirilib.

 

Azərbaycan Güləş Federasiyasının baş katibi, olimpiya dərəcəli hakim Əjdər Cəfərov tədbirdə çıxış edərək, yeniyetmə və gənc güləşçilərimizin bu il Avropa və Dünya çempionatlarındakı uğurlu nəticələrindən bəhs edib, idmançıları, onların valideynlərini və məşqçilərini təbrik edib. 

“Yeniyetmə və gənclərdən ibarət yığma komandalarımızın qazandıqları bu nailiyyət ölkəmizdə güləş idman növünün yüksələn xətlə inkişaf etdiyinin göstəricisidir. Bu gün mükafatçılar sırasına düşən yeniyetmə və gənclərimiz 2016-cı il Olimpiya Oyunlarında yığma komandanın əsas heyətində yer alacaqlar. Bunun üçün onlar əzmlə, səylə çalışmalı, nizam-intizamlı olmalı, məşqçilərin tapşırıqlarına əməl etməli, bugünkü uğurları davam etdirməklə həm Federasiya rəhbərliyinin, həm də valideynlərinin ümidlərini doğrultmalıdırlar”.

Valideynlər adından çıxış edən SSRİ idman ustası Elşad Quliyev bütün mükafat qazanan idmançıları təbrik edib. “Ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmana və idmançılara diqqət və qayğısı sayəsində bu gün Azərbaycan idman ölkəsinə çevrilib. Azərbaycan Güləş Federasiyasının həm paytaxtda, həm də bölgələrdəki fəaliyyəti göz qabağındadır. Federasiya tərəfindən bölgələrdə yeni güləş zallarının açılması yeni güləşçi nəslinin ortaya  çıxmasına imkan verir. Görülən bu işlərə görə həm dövlət başçımıza, həm də federasiya rəhbərliyinə bütün valideynlər adından təşəkkürümüzü bildiririk”. 

Daha sonra güləşçilər mükafatlandırılıb. Mükafatları Azərbaycan Güləş Federasiyasının vitse-prezidentləri Elçin Cəfərov, Cavanşir Qurbanov və olimpiya çempionu Fərid Mansurov təqdim edib. 

Xatırladaq ki, Taylandın Pattaya şəhərində keçirilən gənclərin Dünya çempionatını güləşçilərimiz 3 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub.Polşanın Katovitse şəhərində keçirilən yeniyetmələrin Avropa çempionatında yığmamız 18 medal qazanıb. Bu medallardan 3-ü qızıl, 9-u gümüş, 6-sı isə bürünc olub. Bakıda keçirilən Dünya çempionatında isə 19 medal – 9 qızıl, 5 gümüş və 5 bürünc qazanan güləşçilərimiz güləş tarixində yeni səhifə açıb. Qazanılan bu uğurlar gələcək üçün ümidli olmağa inam yaradır.

XƏBƏR LENTİ